Şrift:
Səfir: Azərbaycan-İran iqtisadi əlaqələri daha da inkişaf edəcək
27.07.2015 [15:29] - Gündəm, Siyasət
"İran qanunsuz sanksiyalar dövründə öz inkişafından qalmadığı kimi, sanksiyaların ləğvindən sonra da yüksək templə inkişafını davam etdirəcək". Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, güclü iqtisadiyyatı olan ölkələr İranla əlaqələri inkişaf etdirməkdə maraqlıdır: "Buna misal olaraq, ötən həftə Almaniya vitse-kanslerinin 100 nəfərlik nümayəndə heyəti ilə İrana səfərini göstərmək olar. Lazımsız maneələrin aradan qaldırılması İranın dünyanın bütün ölkələri ilə, xüsusilə də dost və qardaş olan Azərbaycanla əlaqələrini gücləndirməyə zəmin yaradır".

O, qeyd edib ki, yaxın gələcəkdə Bakı və Tehran arasında iqtisadi əlaqələr daha da inkişaf edəcək: “BMT TŞ-nin son qətnaməsi dünya ölkələrinin İrandakı iqtisadi proqramlarda iştirak etməkdə qərarlı olduğunu göstərir. Biz bu nailiyyəti bütün müstəqil dövlətlərin, xüsusilə, qonşu ölkələrin uğuru hesab edirik”.

İranın Azərbaycandakı səfiri regiondakı münaqişələrin həll edilməsinin zəruriliyini vurğulayıb və deyib ki, İran və "5+1" ölkələri arasında əldə olunmuş razılıq regiondakı münaqişələrin həllində, o cümlədən İŞİD və digər terrorçu qruplaşmalarla mübarizədə İranın potensialından istifadəyə imkan verir.

M.Pakayin İran və "5+1" ölkələri arasında əldə olunmuş razılığı diplomatiyanın uğuru adlandırıb və bildirib ki, BMT TŞ-nin İrana qarşı 6 qətnaməsinin ləğvi və İranın sülhyönlü nüvə proqramının BMT Nizamnaməsinin VII fəslindən çıxarılması Vyana müzakirələrindəki ən əhəmiyyətli dəyişiklikdir.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed