Şrift:
Leyla Yunus və Arif Yunusun cinayət işi üzrə məhkəmədə şahid ifadələri dinlənilib
28.07.2015 [13:22] - Gündəm, Hüquq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə veriblər.

Yunusovlar ailəsinin qeyri-rəsmi sürücüsü olmuş taksi sürücüsü İlqar Ağayev ifadə verərək bildirib ki, bu xidmətinə görə, ayda 300-350 manat arasında məvacib alıb, lakin göstərdiyi xidmətlə bağlı hər hansı müqavilə olmayıb.

Digər şahid Zemfira İsmayılova L.Yunusu 20 ildən artıqdır tanıdığını, amma SDİ ilə əlaqəsinin olmadığını deyib. Z.İsmayılova bildirib ki, SDİ-nin təsis olunmasına dair sənəddə onun imzası saxtadır.

Daha sonra həbsdə olan Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva şahid qismində ifadə verib. O, R.Mirqədirovdan 4 il öncə boşandığını bildirib. Z.Hacıyeva R.Mirqədirovla evli olduğu vaxtlarda L.Yunusun tez-tez R.Mirqədirovla telefonda danışdığını və tez-tez müxtəlif yollarla Ermənistana səfər etdiklərini deyib.

Sonra məhkəmədə fasilə elan edilib.

Proses avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed