Şrift:
Bəhreyn: Terror aktında istifadə edilmiş partlayıcı maddələr İrandan gətirilmiş partlayıcı qurğulara bənzəyir
30.07.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəhreynin dövlət agentliyi iyulun 29-da ölkənin təhlükəsizlik rəsmilərinə istinadən bir gün əvvəl “Setrə” adasında baş vermiş partlayışda İran izinin olması barədə məlumat yayıb.
İyulun 28-də Bəhreynin müxalif şiələrin yaşadığı “Setrə” adasında bir qız məktəbinin qarşısında güclü partlayış olub. Terror aktı olduğu bildirilən partlayışda ən azı 2 polis həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər tutulub.

Bəhreyn dövlət agentliyi iyulun 29-da ölkə rəsmilərinə istinadən yaydığı bəyanatda bildirib ki, iyulun 28-də “Setrə” məntəqəsində baş vermiş terror aktında istifadə edilmiş partlayıcı maddələr bir neçə gün əvvəl İrandan gətirilərkən müsadirə edilən partlayıcı maddə və qurğulara bənzəyir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm isə iyulun 29-da jurnalistlərə açıqlamasında Bəhreyn hökumətinin bu iddiasını rədd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bəhreyn Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayaraq İrandan qayıq vasitəsilə bu ölkəyə gizli yollarla silah-sursat və partlayıcı maddələr daşıyan 2 nəfəri tutduqlarını bildirib.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed