Şrift:
Ruhani: -İran Azərbaycanla olan əlaqələrin inkişafını müsbət qarşılayır
05.08.2015 [10:05] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
İran prezidenti Həsən Ruhani avqustun 4-də ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki ölkənin müştərək mədəni, tarixi və dini cəhətlərinə toxunan Ruhani son iki ildə İranla Azərbaycan arasındakı əlaqələrin inkişafından məmnun qaldığını bəyan edib: “İran İslam Respublikası üçün öz qonşuları ilə, o sıradan da Azərbaycanla əlaqələrini genişləndirmək prioritet məsələlərdən biridir. Biz iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişafını müsbət qarşılayırıq. Vyanadakı nüvə razılaşmasından sonra dünyanın bir çox şirkətləri İrana investisiya qoymaq istəyirlər. Aydın məsələdir ki, bu sahədə əsas üstünlük qonşularımıza, o cümlədən də Azərbaycan Respublikasına verirlir.

İranla Azərbaycan bir çox sahələrdə birgə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər. Hesab edirik ki, şimal-cənub koridoru iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün mühüm rol oynaya bilər. Azərbaycan Respublikası İranın Qafqaz bölgəsi ilə əlaqələrini genişləndirmək üçün darvazası ola bilər. Azərbaycan da İran yolu ilə İran Körfəzi və Oman dənizinə yol taparaq dünyanın digər məntəqələri ilə əlaqələrini genişləndirə bilər. Elə buna görə də düşünürük ki, bu potensialdan faydalanmaq üçün birgə əməkdaşlığımızı gücləndirməliyik. Həmçinin iki ölkənin Xəzər dənizinə müştərək sərmayə , neft və qazın müxtəlif sektorlarında birgə sərmayələrin qoyuluşu üçün müsbət və əlverişli bir başlanğıc ola bilər”.

Görüşdə Vyanadakı razılaşma münasibəti ilə Həsən Ruhanini təbrik edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki qonşu ölkə arasındakı münasibətlərin daha genişləndirilməsini vacib saydığını bəyan edib: “Azərbaycan hökuməti və milləti İran hökumətinin nüvə razılaşması ilə bağlı əldə etdiyi böyük nailiyyətdən sevinir. Əminik ki, bu razılaşma bölgədə və dünyada sülh və sabitliyin xeyrinə olacaq. Bu razılaşma həmçinin digər millətlərə də faydalı bir nailiyyət sayıla bilər. Azərbaycan Respublikası tam gücü ilə İranla bütün sahələrdə, o sıradan da enerji, ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, neft, neft-kimiya və bank sistemi sahəsində münasibətlərini əvvəlkindən daha çox genişləndirmək niyyətindədir və bunda qərarlıdır”.

Qeyd edək ki, avqustun 3-də İranın kommunikasiya və informasiya texnplogiyaları naziri Mahmud Vaizinin rəsmi dəvəti ilə Tehrana səfər edən Şahin Mustafayevi Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin yüksək rütbəli şəxsləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Socar” Şirkəti, “Azərbaycan Dəmir Yolları” Səhmdar Qapalı Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Şirkəti və Azərbaycan Mərkəzi Bankının nümayəndələri və bir sıra biznesmenlər müşayiət edir.
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed