Şrift:
Sinan Oğan: İran və Türkiyə ticarət dövriyyəsini 30 milyard dollara çatdıra bilərlər
08.08.2015 [10:49] - Xəbərlər, İqtisadiyyat
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və millət vəkili Sinan Oğan bu ölkənin İranla ticarət idövriyyəsinin ikiqat artacağını düşünür.

Türkiyə parlamentinin müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı S.Oğan Trend-ə bildirib ki, Türkiyənin başqa ölkələrlə müqayisədə İran bazarında öz mövqeyini gücləndirmək üçün daha çox şansı var: "Biz bunu öncə də edə bilərdik, lakin sanksiyalar mane oldu".

S.Oğan qeyd edib ki, Türkiyə İran üçün Qərbə açılan qapıdır: "Sanksiyaların ləğvindən sonra bu ölkəyə böyük investisiya axını başlayacaq, xarici şirkətlər İran bazarında mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Təbii ki, Türkiyə şirkətləri də öz səylərini göstərəcək və şansları başqa ölkələrin şirkətləri ilə müqayisədə daha böyükdür".

Onun sözlərinə görə, iki ölkə arasında əsasən Suriya böhranı ilə bağlı fikirayrılığı var ki, bu da iqtisadi əlaqələrə kölgə sala bilər, lakin digər siyasi fikirayrılıqları iqtisadi münasibətlərə təsir etməyəcək: "Ola bilsin, təxribatlar artsın. Son vaxtlar iki ölkə arasında yük daşıyan avtomobillərə qarşı terror aktları həyata keçirilir. Görünür ki, hansısa xarici qüvvələr iki ölkənin iqtisadi münasibətlərinin inkişafında maraqsızdır və təxribata əl atırlar".

İranlı deputatlar da S.Oğanla eyni fikirdədirlər.

İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Məhəmməd Əlipur Trend-ə bildirib ki, İran-Türkiyə əlaqələri strateji əlaqələrdir. Türkiyə İran üçün, həmçinin İran Türkiyə üçün çox önəmli qonşu ölkələrdən biridir.

Həmçinin, İran parlamentinin Sənaye və mədənlər komissiyasının üzvü Nadir Qazipur Trend-ə deyib ki, İran və Türkiyə qonşu və həmsərhəd ölkədirlər və bir-biri ilə əməkdaşlıq etməlidirlər, lakin hazırkı şəraitdə Türkiyənin Yaxın Şərq regionunda yürütdüyü siyasət İran və Türkiyə arasındakı mövcud yaxşı münasibətlərdə problemlər yaradır.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur isə Trend-ə bildirib ki, İran Türkiyə ilə əməkdaşlıq etməkdə maraqlıdır, lakin Türkiyənin Suriya ilə bağlı yürütdüyü hazırkı siyasət bu əməkdaşlığa maneədir.

Qeyd edək ki, İran keçən il (İranda il martın 21-dən başlayır - red.) Türkiyədən 3,822 milyard dollarlıq idxal həyata keçirib. Türkiyə İrana ixrac etdiyi malın həcminə görə dördüncü yerdədir. İranın Türkiyəyə qeyri-neft ixracı isə həmin müddətdə 2,15 milyard dollara çatıb. İran, həmçinin Türkiyəyə gündəlik təqribən 100 min barel xam neft və 27 milyon kubmetr qaz ixrac edir. Bundan başqa, Türkiyə İrandan keçən il 2,4 milyard kilovat-saat elektrik enerisi idxal edib. Ümumiyyətlə, 2014-cü ildə İran və Türkiyə arasında ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Bu rəqəm 2000-ci ildə 1 milyard dollar idi və iki ölkə rəsmiləri bu rəqəmin növbəti illərdə 30-35 milyard dollara çatacağını bəyan ediblər.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed