Şrift:
Güləşçilərimiz medal uğrunda mübarizə aparacaqlar
12.08.2015 [09:54] - Gündəm, İdman
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edir.

Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində güləşçilər yarışıb.

50 kq çəki dərəcəsində mübarizə aparan Nofəl Babayev ilk görüşdə Qırğızıstandan olan rəqibinə qalib gəlsə də, Gürcüstan idmançısına məğlub olub. Rəqibin finala çıxması ilə güləşçimizi təsəlliverici görüşə qatılıb. Macar güləşçi üzərindəki qələbə Nofələ bürünc medal şansı verib. Həlledici görüşdə rəqib Özbəkistan idmançısı olacaq.

60 kq-da çıxış edən Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq CAR, Ermənistan, Gürcüstan və Yaponiya təmsilçiləri üzərində inamlı qələbələr qazanan güləşçimizin son rəqibi Rusiya pəhləvanı olacaq.

96 kq çəkidə təmsilçimiz Soslan Fanziyev ilk görüşdə ABŞ idmançısını üstələyib, ardınca İran təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq şansı verib. Estoniyalı rəqibinə qalib gələn güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Rəqib Rusiya təmsilçisi olacaq.

Final görüşləri Bakı vaxtı ilə 12 avqust saat 03:30-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed