Şrift:
Fərəc Quliyev: - Elə məsələlər var ki, qadağalarla yox, maarifləndirməklə, xəbardarlıqla həll olunmalıdır.
17.08.2015 [11:31] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Duzlu göl müəmması, xəstəliyi xalqın, pulu məmurun

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Zığ ərazisindəki Duzlu göldə çimməyin hər il qadağan edildiyi ilə bağlı məlumat yayır. Göl istifadəyə əsla yararlı sayılmır. Buna səbəb gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır.

Göl ətrafındakı antisanitariya vəziyyəti də xəstəlik mənbəyi hesab edilir.

Göldə çimməyin qadağan edildiyinə dair Suraxanı rayon İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına rəsmi məktub da göndərilir, amma heç bir faydası yoxdur.

Hər il gölə müalicə almaq, “sağalmaq” adı ilə minlərlə insan gəlir.

Onların müalicəsi üçün “vanna” hazırlayanlar pul müqabilində “sağalmaq” istəyənlərə “yardım” edirlər.

Burada vəziyyət olduqca acınacaqlıdır, amma göldə çimməyin qarşısı alınmır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az-a açıqlamasında bildirib ki, 2006-ci ildə respublika baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən, Suraxanı rayonu Zığ yaxınlığındakı Qızılı göl və Yodlu su mənbəyindən istifadə yararsız hesab edilərək qadağan olunub.

“Belə ki, yoluxucu xəstəliklər, eləcə də qida zəhərlənmələri təhlükəsini əsas tutaraq, müalicəvi məqsədlərlə göldən istifadə qadağan edilib.
Bununla əlaqədar aidiyyəti İcra orqanına yazılı məlumat verilib. Əhaliyə göldən istifadə üçün qadağa qoymaq isə Səhiyyə Nazilriyinin səlahiyyətlərinə daxil deyil. Bununla bağlı yerli icra orqanı məlumatlandırılıb”.

Suraxanı rayonundan seçilən deputat Fərəc Quliyevin sözlərinə görə, elə məsələlər var ki, qadağalarla yox, maarifləndirməklə, xəbardarlıqla həll olunmalıdır.

“Təbiətin müxtəlif yerlərində müxtəlif zərərli tendensiya, yer ola bilər. Ona hər hansı qadağa qoymaq mümkün deyil. Əgər yerli icra orqanları, Səhiyyə Nazirliyi tərəfindən xəbardarlıq olunubsa, buna riayət olunmalıdır.

Bu, bir az da mədəniyyətdir, əhalinin özünün belə məsələlərə münasibətində anlaşıqlı yanaşması lazımdır. Hər şeyi zorla, qadağa qoymaqla, sərhəd çəkməklə etmək olmaz. Fikrimcə, hakimiyyət orqanları tərəfindən xəbardarlıq olunursa, bu kifayətdir. Camaatı səsləyirəm ki, müvafiq icra orqanlarının və Səhiyyə Nazirliyinin xəbardarlıqlarını nəzərə alsınlar. Bütün bunlar onların səhhəti nəzərdə tutularaq edilir”.


Suraxanı Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı açıqlama vermək istəmədilər.

Qəribəsi odur ki, gün ərzində bu gölə gəlnlərdən külli miqdarda pul yığlır.

Və guya ki, bu yığılan puldan müvafiq icra qurumlarının xəbəri yoxdur.

Məntiqli yanaşdıqda, əgər Duzlu göl xəstəlik mənbəyidirsə, demək icra qurumları insanların xəstəlik tapmasında maraqlıdır.

Yox, sağlamlığa zərər vurmursa, o zaman niyə İcra Hakimiyyəti ölkəmizə külli miqdarda vəsait gətirəcək bir məkanı zəlil gününə qoyur...

Aytən ZƏHRA
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed