Şrift:
Bakıda məcburi köçkünlər üçün 1400 ev tikiləcək
25.01.2012 [18:00] - Sosial
Nazirlər Kabineti məcburi köçkünlərə yeni evlərin tikintisi üçün işlərin tender keçirilmədən birbaşa müqavilələr əsasında yerinə yetirilməsinə icazə verib.

Buna səbəb kimi işlərin təxirə salınmazlığı göstərilib.

Qeyd edək ki, Azərbaycanda məcburi köçkünlər üçün daha 3308 mənzil və ev tikiləcək. Bunların yarısının Bakıda və Abşeronda inşa edilməsi nəzərdə tutulub. Belə ki, məcburi köçkünlər üçün İmişli rayonunda 550, Şəki rayonunda 423, Bərdə rayonunda 195, İsmayıllı rayonunda 45, Beyləqan rayonunda 320 ailəlik bütün sosial və texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış qəsəbələri salınacaq.

Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1410, Abşeron rayonunun Masazır qəsəbəsində 210 ailəlik yeni yaşayış məhəllələrinin salınması, Qəbələ rayonu ərazisində 155 ailə üçün 2 ədəd beşmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur. «Bu işlərə təxirə salınmadan qısa zamanda başlanmasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin» - deyə sərəncamda bildirilir.
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed