Şrift:
Sepah komandanı Ruhaniyə xəbərdarlıq etdi: Belə bir təfəkkürün inkişaf etdirilməsinə imkan verməyəcəyik
22.08.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) Komandanı Məhəmmədəli Cəfəri avqustun 20-də jurnalistlərə açıqlamasında Konstitusiyaya Nəzarət Şurasının zəifləndirilməsinə yönəlmiş cəhdlər barədə dolayı yolla ölkə prezidenti Həsən Ruhaniyə xəbərdarlıq edib.
“Sepah” komandanının bu xəbərdarlığı, İran prezidentinin qarşıdan gələn parlament seçkisinə namizədlərin səlahiyyətinin Konstitusiyaya Nəzarət Şurasında baxılmasını şübhə altına almasından bir gün sonraya təsadüf edib. Avqustun 19-da jurnalistlərə açıqlama verən prezident Ruhani deyib ki, ölkənin Kondtitusiyaya Nəzarət Şurası seçkilərdə yalnız nəzarətçi rolunu oynamalıdır: “Hesab edirəm ki, seçkilərdə namizədliyini irəli sürənlərin hər birinin səlahiyyətə malik olub-olmamadığını yalnız icraiyyə heyətləri təyin etməlidir”.

İran prezidentinin birbaşa adını çəkməyən “Sepah” komandanı Məhəmmədəli Cəfəri deyib ki, bu kimi bəyanatlar ölkənin milli birliyinə böyük zərbə vurur: “Belə bəyanatların səsləndirilməsi inqilabın əsas qrumlarından olan Konstitusiyaya Nəzarət Şurasını zəiflədir, milli birliyə zərbə vurur, ölkə rəsmiləri arasındakı yekdilliyə xələl gətirir.

Hesab edirik ki, vaxtilə həmin Konstitusiyaya Nəzarət Şurası yolu ilə və onun bitərəf alicənab üzvlərinin sayəsində ölkənin idarəretmə işində yüksək vəzifələrə yiyələnməyə fürsət tapanların çıxışı və bəyanatları daha düşünülmüş olmalıdır.

İnqilab üsullarına və ölkənin dini liderinin mövqe və bəyanatlarına zidd olan bu kimi söz və bəyanatlarla əcnəbilərin ölkədə nüfuzu üçün yeni cığırlar açmağa çalışanlar bilməlidir ki, biz heç vaxt belə bir təfəkkür və düşüncənin inkişaf etdirilməsinə və onun reallaşdırılmasına imkan verməyəcəyik”.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed