Şrift:
Andranik Qriqoryan: "Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan torpağı olduğunu söyləyənləri susdurur"
27.08.2015 [10:04] - Gündəm, Müsahibə, Qərbi Azərbaycan-İrəvan
Trend Ermənistan silahlı qüvvələrinin hərbçisi, hazırda Azərbaycanda saxlanılan Andranik Qriqoryandan eksklüziv müsahibə alıb.

1991-ci ildə Xocavənd (Martuni) rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçmiş hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək 22 mart 2015-ci il tarixində ağ bayraq qaldıraraq könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

- Siz ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçmisiniz. Bu barədə verdiyiniz açıqlamalarda atdığınız addımı açıqlayacaq müəyyən fikirlər söyləmisiniz. Amma istərdik ki, bu məsələlərlə bağlı bir qədər ətraflı məlumat verəsiniz. Necə oldu ki, məhz Azərbaycan tərəfinə keçmək qərarına gəldiniz?

- Mən ağ bayraq qaldırıb könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Çünki bizim hərbi hissədə mənə və başqa əsgərlərə qarşı dözülməz şərait hökm sürürdü. Bu dözülməz şəraitə etiraz edəndə mən və başqa əsgərlər çavuşlar və komandirlər tərəfindən mütəmadi olaraq döyülüb təhqir olunurduq. Əsas da bölük komandiri kapitan Suren Balayan tərəfindən döyülürdük. Bizə qarşı çox pis rəftar edirdilər. Dözülməz şərait, hərbi hissədəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclikdən bezmişdik. Orada baş verənlərin əksinə olaraq, burada mənə qarşı çox yaxşı rəftar edirlər.

- Dəfələrlə erməni hərbçiləri ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçiblər. Hazırda Azərbaycanda bu hərbçilərdən var. Onlar da Ermənistan ordusunda olan özbaşınalıq, hərc-mərclik, xaos olduğunu, orduda onlara qarşı çox pis rəftar edildiyini söyləyirlər. Deyilənlərə münasibətiniz necədir?

- Bəli, bu bir həqiqətdir. İmkan olsa, mənim kimi çox əsgər Azərbaycan tərəfinə keçər. Ona görə ki, orada bizə vaxtı keçmiş, keyfiyyətsiz yeməklər verilir. Hərbi hissələrdə isə antisanitariya hökm sürür. Hərbi hissələrdə yoluxucu xəstəliklər, xüsusilə də infeksion xəstəliklər var.

- Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən ölkədir. Torpaqlarımız Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Problem hələ də öz həllini tapmayıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması təklifləri ilə çıxış edən erməni vətəndaşları, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistan hökuməti tərəfindən daim təzyiqlərə məruz qalır, təqib olunurlar. Bu barədə fikirlərinizi bilmək istərdim.

- Əlbəttə ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənistan rəhbərliyi də bu həqiqəti bilir. Ancaq həqiqəti söyləyən vətəndaşlarımızı isə susdururlar.

- Qafqazda sülhün bərqərar olunması regionda yaşayan bütün xalqlar üçün çox vacib məsələdir. Bu məsələyə münasibətinizi bilmək istərdim.

- Mən də çox istərdim ki, Qafqazda daima sülh və əmin-amanlıq olsun.

- Cəbhə xəttində atəşkəs rejimi tez-tez pozulur. Bu hadisələrdə itkilər də olur. Bir hərbçi kimi bu məsələyə münasibətinizi bilmək istərdim.

- Atəşkəs əsasən təxribat məqsədilə Ermənistan tərəfindən pozulur.

- Bizim vasitəsimizlə Ermənistan rəhbərliyinə, ictimaiyyətinə söyləmək istədiyiniz fikirləriniz varmı?

- Ermənistan rəhbərliyinə sözüm odur ki, işğal etdikləri torpaqlar Azərbaycana qaytarılmalıdır və bu müharibəyə son qoyulmalıdır. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır.

- Siz xeyli zamandır ki, Azərbaycandasınız. Burada Sizə olan münasibət necədir?

- Ermənistandan fərqli olaraq burada Azərbaycanda mənə münasibət çox yaxşıdır. Mənə qəti təzyiq edilmir. Çay, kofe, meyvə, meyvə şirələri, yemək və geyimlə təmin edirlər. Mütəmadi olaraq burada bağda açıq havada gəzməyə imkan verilir.

- Burada sizə qarşı olan münasibətin çox yaxşı olduğunu deyirsiniz. Amma hazırda Ermənistanda əsirlikdə olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qeyri-insani münasibət göstərilir, onlara işgəncələr verilir. Bu barədə nə demək istərdiniz?

- Susur...

Müsahibənin ərsəyə gəlməsində göstərdiyi köməyə görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, işgəncələr üzrə beynəlxalq ekspert, hüquq müdafiəçisi Elçin Behbudova təşəkkürümüzü bildiririk.
Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed