Şrift:
Avropa Liqası: “Qarabağ” və “Qəbələ” pley-off mərhələsinin cavab oyunlarına çıxacaqlar
27.08.2015 [10:26] - Gündəm, İdman
Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək. Səfərdə qazanılan minimal hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxacaq ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlamaq niyyətindədir. Keçən il Hollandiyanın “Tvente” klubunu məğlub edərək tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində iştirak etmiş “köhlən atlar” ikinci dəfə, həm də ardıcıl olaraq eyni uğuru təkrarlayaraq Azərbaycan futbolu tarixində yeni səhifə açmaq istəyir.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq. Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən “qırmızı-qaralar” ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşma olacaq. Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq.

UEFA Avropa Liqası
Pley-off, cavab oyunları
27 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0

23:00. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
Afina. Apoastolos Nikolaidis stadionu
İlk oyun – 0:0
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed