Şrift:
Azərbaycanda dövlət qulluğunda işləmək istəyənlər üçün növbəti imkan
28.08.2015 [12:03] - Gündəm, Bildiriş
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, Komissiya 28 avqust 2015-ci il tarixdən 30 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 65-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər

üzrə - 15 test tapşırığı;

- qanunvericilik sahəsində - 40 test tapşırığı;

- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 28 avqust 2015-ci il tarixdən 26 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 28 avqust 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

Qeyd edək ki, 06 avqust 2015-ci il tarixdə Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant vəzifənin tutulması üçün müsabiqə elan etmişdir. Bu günə kimi müsabiqədə iştirak etmək üçün 578 nəfər Komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə qeydiyyat 04 sentyabr 2015-ci ildə başa çatacaq.

Həmçinin Komissiya 14 avqust 2015-ci il tarixdə 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Bu günə kimi müsabiqədə iştirak etmək üçün 2458 nəfər Komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə isə qeydiyyat 14 sentyabr 2015-ci il tarixdə başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed