Şrift:
Azərbaycanlı fəallar Səid Mətinpurun görüşünə gedir
31.08.2015 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən günlərdə uzun illər həbsdən sonra Tehranın Evin zindanından şərti azadlığa buraxılan tanınmış azərbaycanlı fəal, jurnalist və insan haqları fəalı soydaşlarımızın böyük sevincinə səbəb olub.
Azərbaycanlı milli-mədəni fəallar arasında Milli Hərəkatın Mandellası kimi məşhur olan Səid Mətinpur azadlığa buraxıldıqdan sonra bir çox qonaq qəbul etməli olub. Məlumata görə, azərbaycanlı fəallar müxtəlif şəhərlərdən S.Mətinpur və onun ailəsinin görüşünə gəlib və bu şəkildə onun zəhmətlərindən qədrdanlıq etmək istəyirlər. Görüşə gələnlər arasında Rüqəyyə Lisaninin olması fəalların diqqətindən qaçmayıb və bu görüşlə bağlı sosial şəbəkələrdə geniş məlumat yayılıb.

Bildirək ki, S.Mətinpur avqustun 26-da (şəhrivərin 5-də) 8 illik məhkumluq müddətinin əsas hissəsini çəkdikdən sonra anayasanın 134-cü maddəsinə uyğun olaraq şərti azadlığa buraxılıb.

S.Mətinpur 2007-ci il mayın 25-də (1386-cı il xordadın 4-də) Zəncan şəhərində yaxalanıb və Tehranın Evin zindanının 209-cu bölümünə intiqal edilib. O 278 gün müvəqqəti saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşlığında sərbəst buraxılıb, sonra yenidən tutulub.

Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin hakimi (qazi) azərbaycanlı fəalı xaricilərlə irtibat qurmaq ittihamı ilə 7 və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, tolpam olaraq isə 8 il həbs cəzasına məhkum edib. O 2009-cu il iyulun 11-də (1388-ci il tirin 20-də) çağırışa əsasən məhkəməyə müraciət etdiyi zaman məmurlar tərəfindən tutulub və Evin zindanına aparılıb.

Tanınmış azərbaycanlı fəal həbs müddətində dəfələrlə ailəsi ilə görüşmək və telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilib. O zindanda ruhi və psixoloji (rəvani) işgəncələrə məruz qalıb.

Adını çəkdiyimiz fəal Azərbaycan Milli Hərəkat fəallarının tanınmış simalarından biridir. O fəlsəfə üzrə Tehran universitetinin məzunudur və “Yarpaq”, “Moc-i bidari” həftəlik dərgilərinin yazıçılar heyətinin keçmiş üzvü olub.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed