Şrift:
Erməni ordusundakı əsgər ölümləri gizlədilir
27.01.2012 [11:44] - Xəbərlər
Erməni hüquq müdafiəçiləri ötən il azı 7 belə fakt qeydə alıblar

Ermənistan ordusundakı vəziyyətə dair bu ölkənin insan haqları müdafiəçiləri tərəfindən yeni faktlar açıqlanıb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bildirir ki, Müdafiə Nazirliyi orduda baş verən əsgər ölümləri barədə məlumatların hamısını açıqlamır və təşkilat ötən il azı 7 əsgərin ölümünün gizlədildiyini qeydə alıb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bu açıqlama ilə Ermənistanın hərbi prokuroru Gevork Kostancyanın keçirdiyi mətbuat konfransından sonra çıxış edib. Hərbi prokuror bildirib ki, ötən il silahlı qüvvələrdə ölümlə nəticələnən insidentlərin sayı əvvəlki ilə nisbətən 40 faiz azalıb. Lakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bildirir ki, onların apardığı araşdırmalar fərqli mənzərini ortaya qoyur.

Təşkilatın bildirdiyinə görə, ötən il Ermənistan ordusunda 39 ölüm hadisəsi qeydə alınıb, onlardan 11-i təmas xəttində atışmalarda öldürülüb. 4-cü nizamnamə münasibətlərinin pozulması, 6-ı bədbəxt hadisə, 10-u intihar və ya intihara məcbur etmə, 3-ü təhlükəsizlik qaydalarının pozulması, 2-si xəstəlik üzündən ölüb. 1 əsgərin ölüm səbəbi naməlumdur. 1 əsgər səhlənkarlıq nəticəsində ölüb, 1-i isə xidmət yoldaşları tərəfindən öldürülüb. Bu 39 haldan cəmi 32-si barədə Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı rejimin “müdafiə nazirliyi” açıqlama yayıb. 3 halda ölən əsgərlərin şəxsiyyəti barədə məlumatlar gizli saxlanılıb. Qalan 7 hadisə barədə isə ümumiyyətlə heç bir məlumat verilməyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bildirir ki, əvvəlki illərdə də Müdafiə Nazirliyi əsgər ölümlərini gizlətməklə məşğul olub. Belə ki, 2010-cu ildə silahlı qüvvələrdə 54 ölüm hadisəsi qeydə alınıb, onlardan ən azı 10-u gizlədilib. Həmin əsgərlərin cəmi 10-u təmas xəttində atışmalar nəticəsində ölüb, 24-ü isə hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində öldürülüb. Əsgər ölümlərinə dair cəmi 15 fakt üzrə cinayət işi qaldırılıb və bu vaxta qədər həmin işlər üzrə istintaqın nəticəsi açıqlanmayıb.

Təşkilat hesab edir ki, ordudakı vəziyyəti ancaq təxirəsalınmaz islahatlar aparmaqla dəyişdirmək olar. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən açıqlanan statistika yalnız Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdəki vəziyyəti əhatə edir, qondarma “DQR ordusu”undakı əsgər ölümləri bura daxil deyil. Erməni hüquq müdafiəçiləri Dağlıq Qarabağdakı işğalçı qüvvələrdə baş verən insidentlərin daha çox gizli saxlanıldığını deyirlər.
Qeyd edək ki, Ermənistan ordusundakı əsgər ölümləri, “dedovşina”, bir çox hallarda əsgərlərin ömürlük şikəst edilməsi ilə nəticələnən işgəncələr bu ölkədə ötən il geniş ictimai etirazlara səbəb olmuşdu. Övladları orduda ölən əsgərlərin yaxınları İrəvanda prezident Sərkisyanın iqamətgahı qarşısında dəfələrlə aksiyalar keçirərək onu “qatil” adlandırıblar.

Bugünlərdə isə məlum olub ki, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın 2011-ci ilin sonlarında elan etdiyi payız çağırışı baş tutmayıb. Qarabağdakı erməni çağırışçılardan heç biri hərbi komissarlıqlara getməyib və Saakyan onları xüsusi xidmət orqanları vasitəsilə Xankəndinə toplayıb. Bu toplantıda erməni çağırışçılar xidmət etmək istəmədiklərini bildiriblər və hərbi birləşmələrdəki dözülməz vəziyyətə etiraz ediblər.

F.MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed