Şrift:
Rüstəm İbrahimbəyov imtina etdiyi ordendən danışdı
27.01.2012 [11:53] - Mədəniyyət
Məşhur kinodramaturqun bu addımı Türkiyədə böyük rezonans doğurub

Azərbaycanın xalq yazıçısı, Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtina etməsi barədə danışıb. SİA-ya müsahibəsində R.İbrahimbəyov bildirib ki, atdığı addımı ədalətli hesab edir.

“Deyə bilmərəm ki, mən bu addımımla cəsarətlilik və ya qəhrəmanlıq nümayiş etdirmişəm. Təbii ki, azərbaycanlı olaraq mən də bu qanuna belə reaksiya vermişəm və addımımda düz olduğumu düşünürəm. Çünki bu, Fransaya yaraşmayan, demokratiyaya zidd qanundur. Bu qanun bizləri, bütün türk dünyasını çox çətin vəziyyətə qoyub. Ona görə də onların bu addımına qarşı Fransa ordenindən imtina etmək qərarına gəldim”.

R.İbrahimbəyov imtina etdiyi ordenə necə nail olmasından danışıb: “Bu ordeni öz zəhmətimlə qazanmışam. Fransa ordeni ölkənin ən yüksək mükafatlarından biridir və mənə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərimə görə verilib. Bu orden ilk dəfə Napoleon vaxtında təsis olunub və bu günə kimi müxtəlif incəsənət xadimlərinə verilib”.
Fransanın Konstitusiya Məhkəməsinin qərarını gözlədiyini deyən dünya şöhrətli ziyalımız bəyan edib ki, Senatın qərarı təsdiqlənən kimi ordeni Fransanın Azərbaycandakı səfirliyinə təqdim edəcək: “Hazırda hamı gözləyir ki, prezident Nikola Sarkozi bu qanunu qəbul edəcək ya yox? Bu yaxınlarda qanun təsdiqlənəndən sonra 60 deputat Konstitusiya Məhkəməsinə müraciət edib ki, bu qanunun qəbul edilməsinə razı deyillər. Qanun Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənsə, bu ordeni zərfə qoyub Fransanın Azərbaycandakı səfirliyinə göndərərək bu ordendən imtina etdiyimi bildirəcəyəm”.

R.İbrahimbəyov Azərbaycan-Fransa mədəni əlaqələrinin də ciddi zərbə alacağını deyib: “Bizim Fransa vətəndaşları, mədəniyyəti ilə əlaqəmiz olub. Azərbaycanda hər ay Fransa filmləri göstərilir, oradan gələn mədəniyyət xadimləri ilə görüşürük. Bununla da Fransa mədəniyyətini kütləyə yaymaq və təbliğ etməyə, təzə xəbərləri azərbaycanlılara çatdırmağa çalışırıq. Bütün bunlar mədəni işlərdir. Təbii ki, Fransa Senatının qəbul etdiyi qərar təsdiqlənərsə, bütün bu əlaqələr gələcəkdə davam etdirilməyəcək. Bu qanunu qəbul edəndən sonra inanmıram ki, bizim əlaqələrimiz yaxın bir neçə ildə normal olsun. Düşünürəm ki, bizim təşkilatın üzvləri, ümumiyyətlə, heç kim Fransa ilə əlaqə saxlamağa maraq göstərməyəcək”.

“R.İbrahimbəyovun Fransanın mədəniyyət medalından imtina etməsi Türkiyə mətbuatında geniş əks-səda doğurub. Əsasən “Oscar mükafatlı Azərbaycan rejissoru fransız medalını qaytardı” başlığı ilə yayımlanan xəbəri Türkiyənin əksər qəzet və xəbər saytları hazırda da yayımlamaqdadır. Onu da qeyd edək ki, bu xəbərə qardaş ölkənin “Cihan” kimi nüfuzlu agentliyi ilə yanaşı, nüfuzlu “Star” qəzeti və digər KİV-də yer ayrılıb.

Dünən Türkiyənin “Sabah” qəzetinin holdinqinə daxil olan Ahaber İnternet R.İbrahimbəyovla canlı İnternet-yayım təşkil edib.
R.İbrahimbəyov “Turan”a bildirib ki, ən son anda Azərbaycan telekanallarından birinin, əvvəlcədən razılıq əldə olunmasına baxmayaraq, zəruri avadanlığı (PTS) verməkdən imtina etməsi ilə əlaqədar canlı yayımın kəsilmə təhlükəsi yaranıb. Buna görə Türkiyə İnternet televiziyası ilə müsahibə telefonla görüntüsüz yayımlanıb.
Bu xəbər oxucular tərəfindən 1361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed