Şrift:
Azərbaycan, Türkmənistan və Türkiyə Transxəzər kəmərinin tikintisini müzakirə etmək istəyirlər
05.09.2015 [13:25] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan, Türkmənistan və Türkiyə Transxəzər qaz kəmərinin tikintisinin perspektivlərini müzakirə etməyi planlaşdırırlar. Bu ilin payızında Türkmənistanda yüksək səviyyədə danışıqların keçirilməsi planlaşdırılır. Bunu danışıqlara yaxın mənbə bildirib.

Türkmənistan mətbuatının məlumatına əsasən, bu məsələ hökumətin son müşavirəsində müzakirə olunub.

"Neytral Türkmənistan" qəzeti bu gün yazır ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qarşıdakı üçtərəfli görüşə hazırlıq mövzusuna toxunaraq üç dövlət və xalq arasında ənənəvi dostluq münasibətləri və qarşılıqlı tərəfdaşlığın gələcəkdə möhkəmləndirilməsi üçün onun əhəmiyyətini qeyd edib.

"Vətən" qəzeti isə Türkmənistan liderindən sitat gətirib: "Türkmənistan, Türkiyə və Azərbaycan xalqlarını çoxəsrlik tarixi-mədəni ümumilik birləşdirir. Bu birlik hazırda ölkələrimiz arasında qarşılıqlı səmərəli fəaliyyətin dərinləşdirilməsi və genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır".

Türkmənistan Prezidenti ümum rifah və çiçəklənmənin maraqlarına cavab verən üçtərəfli əməkdaşlığa yeni impuls verməyə hesablanmış görüşün yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb.

Qeyd edək ki, Bakı, Aşqabad və Ankara Türkmənistan qazının Avropaya tədarükü imkanları barədə məsələni vaxtaşırı müzakirə edirlər. Söhbət Transxəzər qaz kəmərinin Azərbaycan sahillərinədək çəkilməsi üzrə layihənin reallaşdırılması yollarından gedur. Türkmənistan qazı buradan Türkiyəyə, Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırıla bilər.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed