Şrift:
Sarkisyan əyilmək üçün Kremlə yola düşür
07.09.2015 [15:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Elmira Tarıverdiyeva-Trend:

Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıdan getməyə macal tapmamış, bu qəfil səfərdən narahat olan Ermənistanın siyasi elitası prezident Serj Sarkisyanı Rusiya prezidenti Vladimir Putinə təzim etməsi üçün yola salır.

Bu vəziyyətdə başqa çarə yoxdur, təzim etməsən, öləcəksən.

Ermənistan iqtisadiyyatı Rusiya bazarından asılıdır. Buna görə maliyyə təhlükəsizlik yastığı olan Rusiya çox güman, böhranın öhdəsindən gələ bilsə də, Ermənistanı bu böhran məhv edəcək. Rusiya rublunun başına gələn sarsıntı erməni dramına mütləq ölüm vəd edir. Artıq Rusiyadan Ermənistana pul köçürmələri əhəmiyyətli dərəcədə azalıb. Qeyd edək ki, bu köçürmələr az qala ölkənin əsas gəlir mənbəyi idi.

Ermənistan hökuməti xalqı düşünsəydi, düz iki il öncə, 2013-cü il sentyabrın 3-də Sarkisyanın ölkənin Gömrük İttifaqına daxil olması ilə bağlı qərarını elan etməsindən peşman olardı.

Bu gün açıq-aydın görünür ki, bu addım atılmasaydı, Ermənistan Rusiya rublundan asılılığını tədricən azaldaraq, Qərblə əməkdaşlığı uğurla inkişaf etdirə bilərdi. Ancaq olan olub. Görünür, Ermənistan hökumətini xalqın taleyi zərrə qədər narahat etmir. Onlar üçün əsas məsələ xalqın sümükləri üzərində duran yumşaq kreslolarda oturmaqdır.

Getdikcə ölkəni daha tez-tez ağuşuna alan inqilab və nümayiş ab-havasından ehtiyat edən Sarkisyan Putinlə görüşdən Ermənistan hökumətinin cari kursuna dəstək əldə etməyə çalışacaq. Bu kurs da Moskvanı tamamilə qane edir. Əhəmiyyətli regionda itaətkar vassala sahib olmaq Kreml üçün rahatlıq deməkdir. Region ölkələrindən birinin müstəqil siyasət yürütdüyünü, digərinin açıq-aşkar Rusiyaya düşmən münasibət bəslədiyini nəzərə alsaq, bu məsələ Kreml üçün daha çox əhəmiyyət kəsb edir. Ermənistan rəhbərliyinin Rusiyadan total asılılığa necə münasibət bəsləyəcəyi hələ məlum deyil. Ona görə “Böyük qardaş”ın loyal münasibətinə, daxili və xarici təhlükələrdən müdafiə naminə öz doğma anasını belə satmağa razı olan hazırki siyasi elitanın daimi dəstəyini Rusiyaya çatdırmaq mühüm məsələdir.

Yeri gəlmişkən, xarici təhlükələrdən müdafiə mövzusu Moskvada Sarkisyanla Putinin görüşünün ikinci əsas mövzusu olacaq. Dağlıq Qarabağ münaqişəsi əbədi davam edə bilməz. Beynəlxalq hüquq baxımından, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunu qovmaq üçün bütün hüquqları var. BMT-nin nizamnaməsində də belə deyilir. Məhz bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll ediləcəyi təqdirdə, beynəlxalq hüquqa fərqli münasibəti olan Rusiyadan başqa heç bir dövlət Ermənistan hərbçilərini müdafiə etməyəcək. Aydındır ki, qoşunların təmas xəttindəki gərginliyin artmasından ehtiyat edən Sarkisyan “Böyük qardaş”da dəstək axtaracaq.

Bundan başqa, Sergey Lavrovla azərbaycanlı həmkarı Elmar Məmmədyarovun gizli şəkildə hansı məsələlərlə bağlı razılığa gəlməsi də məlum deyil. Bu qeyri-müəyyənlik ən ağlasığmaz fərziyyələr quran Ermənistan tərəfini çıxılmaz vəziyyətə salıb.

Hadisələrin gedişatından belə görünür ki, bütöv bir ölkə müqabilində Rusiyanın şuluqluq etməkdən əl çəkməyən “balaca qardaşı” haqlı cəzadan qoruya bilməsi üçün Sarkisyan Mosvaya müdafiə və himayədarlıq istəməyə, təzim etməyə və yalvarmağa gedir.
Bu xəbər oxucular tərəfindən 1363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed