Şrift:
Bir qrup azərbaycanlı fəal o cümlədən Əziz Purvəli Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşüb
15.09.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup azərbaycanlı fəal o cümlədən Əziz Purvəli hazırda məhbus həyatı yaşayan fəal Yürüş (Ayət) Mehrəlibəylinin ailəsi ilə görüşüb.
Görüş Y.Mehrəlibəylinin doğum günü münasibəti ilə onun evində Sofian şəhərində baş tutub. Bu barədə “Əziz Purvəli” veblaqında məlumat yayılıb.

Görüş zamanı Əziz Purvəli azərbaycanlı fəalın həyatı yoldaşı xanım Sona Fərəczadənin şovinizm qarşısında göstərdiyi müqavimət və zəhmətlərinə görə təşəkkür edib və Y.Mehrəlibəylinin simasında bütün siyasi məhbuslarımızın azadlığını arzulayıb.

Ə.Purvəli üzərində Y.Mehrəlibəylinin şəkili olan və “Millətə olan sevgi ən qutsal sevgidir” cümləsi yazılmış tablonu xanım Fərəczadəyə təqdim edib.

Xanım Fərəczadə isə həyat yoldaşının zindandakı ağır durumu, onun fəaliyyəti, həbsxanada keçirdiyi aclıq aksiyaları, məzuniyyətə buraxılmamasının səbəbləri və s. barədə milli-mədəni fəallara məlumat verib. O, həyat yoldaşının keçmiş illərdə saxlandığı günləri də xatırladıb: O bildirib ki, “Yürüş dəfələrlə Təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. 1381-ci ildə (hicri-şəmsi təqvimi ilə) `21 Azər`-də mərhum professor Zehtabinin ildönümü mərasimində Şəbistər şəhərində (1 ay həbs), 1383-cü ildə Babək qalası mərasimində Kəleybər şəhərində (4 ay həbs), 1385-ci ildə (saxlanıldıqdan sonra azadlığa buraxılıb), 1389-cü ildə (9 ay həbs) və nəhayət 1391-ci ildə saxlanılıb və həbs edildiyi zaman dostları (Lətif Həsəni, Şəhram Radmehr, Behbud Qulizadə və Mahmud Fəzli) ilə birlikdə çıxarılan 45 il həbs cəzası qərarına etiraz olaraq 2013-cü il iyulun 13-də aclıq aksiyasına başlayıb və 28 gün sonra şərti olaraq aclıq aksiyasına son qoydular.”

Xanım Sona Fərəczadə həyat yoldaşının keçirdiyi digər aclıq aksiyaları, onun qısa müddət Culfa şəhərinə intiqal edilməsi və hazırda Təbriz mərkəzi zindanının 15-ci bölümündə həbs edildiyi barədə fəallara geniş məlumat verib. Onun sözlərinə görə, zindan məsulları müxtəlif bəhanələrlə məhbusla ailəsinin görüşünə maneçilik yaradır və bu səbəbdən uzun müddətdir məhbusla ailəsi arasında heç bir görüş baş tutmayıb.

Görüşün sonunda xanım Ayda Purvəli, Şahmar Əkbərzadədən “Vətən” adlı bir şeir oxuyub və bu şeiri faşizm qarşısında müqavimət göstərən cəsarətli məhbuslara ünvanlayıb.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed