Şrift:
Sement sənayesi tamet istehsalını canlandırır
16.09.2015 [10:42] - Gündəm, İqtisadiyyat
Küçələrimiz və parklarımız günü-gündən gözəlləşir. Şübhəsiz, bu gözəllikdə yerlərə döşənmiş naxış-naxış daşların payı çox böyükdür. Bir parka daxil olduqda ilk nəzərə çarpan irili-xırdalı, rəngarəng tametlər olur.

Tamet (beton piltələr) istehsalı qeyri-neft sektorunda iş yeri yaradan sahələrdən biridir. Elə Elçin Əliyev də 13 ildən artıqdır ki, daş piltələrin istehsalı ilə məşğul olur. Onun istehsal sahəsi Şirvan şəhərində yerləşir. İstehsal etdiyi 25 çeşidə yaxın beton piltələri Şirvan rayonunda satışını həyata keçirməklə yanaşı, ətraf rayonlara – Hacıqabul, Salyan, Sabirabad və İmişli rayonlarına da göndərir. O, ötən il onun rəhbərlik etdiyi sexdə hər gün 300 m2 tamet istehsal edilmiş və satışı həyata keçirilmişdir. Lakin dünyada və qonşu ölkələrdəki böhranın Azərbaycana qaçılmaz təsiri ilə bazar xeyli zəifləyib.

“Dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsir edir. Son vaxtlar Rusiyada vəziyyət pis olduğundan orada işləyən azərbaycanlıların ailələrinə göndərdikləri pullar xeyli azalıb. Eyni zamanda, neftin qiymətinin aşağı düşməsi investisiyaları azaldıb və bu vətəndaşlarımızın gəlirlərinə təsir etməyə bilməzdi. Devalvasiya da insanların alıcılıq qabiliyyətini aşağı saldı. Dollarda krediti olanların borcları artdı. Pulu olanlar da gözləmə mövqeyi tutub, əlindəkini xərcləməkdən ehtiyat edir. Bunlar ilə bağlı olaraq indi ev tikdirənlər, həyətinə daş piltələr döşətdirənlər azalıb. Əvvəllər hər gün istehsal etdiyimiz 300 m2 tameti satırdıqsa, bu gün 100 m2 satırıq. Hesab edirəm ki, bunlar müvəqqətidir”.

Elçin Əliyev qeyd etdi ki, Şirvan şəhərində onunla bərabər 6 obyekt daş piltələr istehsalı ilə məşğul olur. Təlabatın azalması və rəqabətin artması ilə bağlı olaraq onların da satışları azalıb. Ölkənin səki və parkların abadlaşdırması bəzi beton piltə istehsalçılarının işinə kömək olur.

“Mənim istehsal etdiyim beton piltələr bazarda ən keyfiyyətli məhsul kimi tanındığından bu gün zəif də olsa işləyirəm. Bizim 13 ildən çox təcrübəmiz var. Biznesdə belə çətinlikləri görmüşük. Son günlər bazarda yenidən canlanma müşahidə edirik. Artıq vəziyyət düzəlməyə doğru gedir. Qeyd edim ki, Azərbaycanda beton piltələrə olan təlabat yerli istehsal hesabına ödənilir. Yüzlərlə sahibkar və onun işçiləri bu sahədə çalışır”,- iş adamı vurğuladı.

Elçin Əliyev əlavə etdi ki, ötən il sifarişlərin normal olduğunu nəzərə alaraq və bazarın gələcəyinə inanaraq ikinci sexi tikib:

“Satış yaxşı gedirdi. Kredit götürərək ikinci sexi qurdum. Gündəlik istehsalı 600 m2 -ə qaldırmaq istəyirdim. Amma vəziyət dəyişdiyindən həmin sexi hələlik işə salmamışam. Avadanlıqları işlətmədiyim, gəlir əldə etmədiyim halda kredit borclarımı başqa biznesimdən əldə etdiyim gəlirlər hesabına qaytarıram. Gözləyirəm, görək necə olacaq. Sifarişlərin az da olsa artmağa başlaması, həmin sexi tezliklə istifadəyə verəcəyimə ümid yaradır”.

Elçin Əliyev bildirdi ki, devalvasiya onlara da təsir edib. Belə ki, dollar manat qarşısında 34% bahalaşdığından, daş piltələrə vurulmaq üçün Çindən idxal olunan “Oxra” deyilən rənglər də 34% bahalaşıb:

“Devalvasiyadan sonra təbii olaraq rənglər bahalaşmışdır. Qum və çınqıl az da olsa bahalaşıb. Bunlara baxmayaraq biz beton piltələrin qiymətlərini qaldırmamışıq. Öz gəlirimizin bir hissəsindən imtina və qənaət hesabına köhnə qiymətləri saxlamışıq. Əvvəllər 5 manata satdığımız məhsulu bu gün 4 manat 80 qəpiyə, 8 manata satdığımız məhsulu isə 7 manat 80 qəpiyə də satırıq. Qiymət endirimi də satışlarımızın davam etməsinə təkan verir”.

Elçin Əliyev qeyd etdi ki, iqtisadi aktivliyin aşağı düşdüyü dövrlərdə qənaət böyük əhəmiyyət daşıyır:

“Çalışırıq ki, qənaəti işçi sayını azalmamaq şərti ilə edək. İtkilərimizi minimuma endiririk. Tamet istehsalı üçün sement, çınqıl və qum tələb olunur. Xammalın daha ucuz başa gəlməsinin yollarını axtarırıq, daşınma, saxlama və istehsal proseslərində itikiləri azaltmağa çalışırıq”.

Sahibkar bildirdi ki, digər kiçik tamet istehsalçıları kimi onun da bir sıra problemləri var. İndiyədək əsas problemlərdən biri sement ilə bağlı olub. Lakin bu yaxınlarda sement istehsalçısı olan Holcim (Azərbaycan) şirkətinin təklifi onları bu problemlərdən xilas edib. Şirkətin ödənişsiz verdiyi silos ilə həm itkilər minimuma enib, həm də qənaət imkanı yaranıb:

“Biz əvvəllər sementi daş ilə bağlı anbarda saxlayırdıq. Anbarda yaranan rütubət və sementdən istifadə zamanı baş verən tozlanma itkiyə səbəb olurdu. Təkcə tozlanma səbəbindən 30 ton sementdə bəzən 1 tona qədər itkiyə gedirdi. Silos isə çox rahatdır – rütübət yoxdur, tozlanma olmur, sement təmiz qalır. Qısası, sementi keyfiyyət baxımından yaxşı saxlayır. Sementin keyfiyyəti bizim istehsal etdiyimiz beton piltələrdə özünü göstərir. Bundan başqa, anbar sistemi əlavə işçi saxlamaq tələb etdiyindən xərcləri artırırdı. Silos ilə həm əməkhaqqı xərclərimiz, həm də itkimiz azaldığından gəlirliliyimiz də artıb. Aldığımız silos fəaliyyətimizdə canlanmanın yaranmasına kömək edir”.

Elçin Əliyev, sifarişlər az olduğundan istehsalın fasilələr ilə aparıldığı indiki dövürdə silosun əhəmiyyətinin daha da artdığını bildirdi:

“Satışların yaxşı olduğu vaxtlar sementi çox saxlamırdıq. Aldığımız sementi bir neçə gün ərzində istehsalda istifadə edirdik. Bu gün anbar sistemi ilə çalışsaydıq batardıq. İstehsal zəif olduğundan günlərlə anbarda qalmalı olacaq sementin rütubətə görə itkisi çox olardı. Silos bu baxımdan bizi zərərdən qurtarıb”.

Elçin Əliyev qeyd etdi ki, silos, sementi kisə şəkilində alan istehsalçılar üçün daha sərfəli variantdır:

“Qalaq şəkilində satılan sementin tonu kisə sement ilə müqayisədə ucuzdur. Fərqi 30-40 tona vurduqda xeyli pul edir”.

Elçin Əliyev Holcim (Azərbaycan) şirkətinin bu addımından razı qaldıqlarını söylədi və təklifin beton piltələr istehsalçılarının inkişafına kömək edəcəyini qeyd etdi.

“İnkişaf etmiş ölkələrdə iri biznes kiçik sahibkarlığa kömək göstərir. Bizdə də elə olmalıdır. Hər bir köməyi dövlətdən gözləmək doğru deyil. Holcim (Azərbaycan) şirkətinin bizə pulsuz silos verməsi fəaliyyətimizə böyük dəstəkdir”.

Holcim (Azərbaycan) ASC-nin müştərilərə və istehlakçılara dəstək üzrə məsləhətçisi Sərkər Almasovdan öyrəndik ki, silos, Holcim (Azərbaycan) tərəfindən müştərinin istəyindən asılı olaraq birbaşa istehsal ərazisində və ya həyətyanı sahədə quraşdırılır. Qalaq sementi xüsusi sementdaşıyan maşınlar ilə vaxtı-vaxtında müştərinin ünvanına gətirilərək silosa boşaldılır. Silos bir sementdaşıyan maşının götürə bildiyi yük qədər, yəni 25 ton sement tutur.

Sərkər Almasov qeyd etdi ki, silos əldə etmək üçün beton məmulatları istehsal edən iş adamları Holcim (Azərbaycan) şirkətinə müraciət edə bilərlər. Silos istehsalçılara ödənişsiz verilir.

Artıq neftin qiyməti sabitləşmiş kimi görünür. Banklar da yavaş-yavaş manatla kreditlərin verilməsini bərpa edirlər. Hesab edilir ki, bazar iştirakçıları və əhali yeni iqtisadi şərtlərə uyğunlaşır. Qarşıdakı dövrdə iqtisadi aktivliyin daha da artacağı gözlənilir. Ümid edək ki, yaranacaq canlanma tamet istehsalçılarının sifarişlərinin güclü artmasında da özünü göstərəcəkdir.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed