Şrift:
Türkiyənin Van gölündən Urmiya gölünə su çəkiləcək – 1 milyard dollara
16.09.2015 [13:50] - Gündəm, Türk dünyası-Turan
Van gölünün Urmiya gölündən 350 metr hündür mövqedə yerləşməsi Türkiyədən Urmiya gölünə su çəkilməsini asanlaşdırır. Bunu İranın Urmiya gölünün bərpası üzrə mərkəzinin katibi İsa Kəlantəri deyib.

İ.Kəlantəri Van gölündən Urmiya gölü arasında 170 kilometr məsafənin olduğunu və hazırda bu layihə üzərində iş aparıldığını deyib.

Onun sözlərinə görə, iki ölkə arasında layihənin icrası məqsədi ilə texniki və siyasi danışıqlar aparılır.

İran saytlarının məlumatına görə, Urmiya gölünün bərpası üzrə mərkəzin işçilərindən olan Hadi Bahaduri isə bildirib ki, hazırda Türkiyədə İranın neft satışına görə 9 milyard dollar dondurulmuş vəsait var və bu pulun qarşılığında Van gölündən Urmiya gölünə su çəkilməsini planlaşdırılır.

Onun sözlərinə görə, Van gölündən Urmiya gölünə suyun axıdılması üçün 1 milyard dollar vəsait lazımdır.

H.Bahaduri Urmiya gölünə Gürcüstandan suyun axıdılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Gürcüstandan Urmiya gölünə suyun axıdılmasında siyasi baxımdan problem yoxdur, lakin texniki və iqtisadi baxımdan bu məsləhət deyil: “Gürcüstandan Urmiya gölünə su axıdılması üçün Araz çayında 800-900 metrlik dərə var ki, bu da suyun Urmiya gölünə ötürülməsində problem yaradır”.

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. İranın şimal-qərbində yerləşən Urmiya gölünün vəziyyəti son 50 il ərzində pisləşib və demək olar ki, gölün artıq 90 faizi quruyub. Göldə suyun səviyyəsinin düşməsi 1995-ci ildən başlayıb. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara da mənfi təsir göstərir. Göldə təqribən 2 milyard kubmetr su mövcuddur.

Xatırladaq ki, İran Urmiya gölünü xilas etmək üçün bir neçə ildir ki, müxtəlif layihələr üzərində işləyir. Belə ki, 2013-cü ilin iyul ayında İranda Araz çayından Urmiya gölünə suyun axıdılması layihəsinin icrası üçün xarici investorla 875 milyon avro dəyərində investisiya müqaviləsi imzalanıb. Layihəyə əsasən Araz çayının suyunun Culfa, Mərənd, Şəbestər və Təbriz çöllərinə axıdılması nəzərdə tutulub. Layihə çərçivəsində 8 şəhər və 81 kəndin içməli su problemi öz həlini tapmalı idi. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılırdı. Bundan başqa, İran Xəzər dənizindən də Urmiya gölünə su daşınması imkanını öyrənir. İranın Su və Enerji Resursları Şirkəti 2014-cü ildə Norveç, Avstriya və Şimali Amerikadan olan konsultantların köməyi ilə araşdırmalar aparmağa başlamışdı.

İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed