Şrift:
Şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır
17.09.2015 [10:50] - Gündəm, İdman
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır. Artıq 1\32 final mərhələsi arxada qaldı. 1\16 final mərhələsinə son vəsiqələrin taleyi isə tay-brekdə həll olundu. Bu dəfə də sürprizsiz keçinmədi.

Günün sürprizi Ermənistan təmsilçisi Levon Aronyanın Ukrayna şahmatçısı Aleksandr Areşenkoya məğlubiyyəti oldu. Klassik partiyada hər iki görüşdə heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirdi. Aronyanın sürətli şahmatda yol verdiyi səhvlər onun Bakıdakı yarışda iştirakını dayandırmasına səbəb oldu. Ağ fiqurlarla oyunda kobud səhvə yol verən Levon Aronyan 1 saat 24 dəqiqəlik mübarizənin yekununda təslim oldu. Mütəxəssislər cavab görüşündə onun revanş alacağına inansa da, proqnozlar doğrulmadı. Qara fiqurlarla kortəbii hücuma keçən Aronyan rəqibin gedişinə fikir vermədi və nəticədə ikinci görüşdə də məğlubiyyət acısı yaşadı. Beləliklə Levon Aronyan 1\32 finalda mübarizəni dayandırdı.

Rapid partiyada Hikaru Nakamura Samyuel Şenklendə, Aniş Giri Aleksandr Motılyova, Şəhriyar Məmmədyarov Xou Yifana, Teymur Rəcəbov İlya Smirinə, Pyotr Svidler Liviu-Diter Nisipyanı, Dmitriy Yakovenko isə Amin Bassemə qalib gəldi.

Azərbaycan şahmatçıları növbəti dəfə sürətli şahmatda ən güclülərdən olduğunu göstərdi. Klassik partiyada iki heç-heçə edən Rəcəbov tay-brekdə İsrail şahmatçısı Smirinə heç bir şans vermədi. Həm ağ, həm də qara fiqurlarla oyunda rəqibindən üstün oyun nümayiş etdirən Teymur cəldliyi ilə inamlı qələbə qazandı. Eyni sözləri Məmmədyarovun görüşü haqda da demək olar. Şəhriyar rapid oyununda əvvəlcə qələbə qazandı, sonra isə üstünlüyü olmasına baxmayaraq risk etmədi və partiyanı heç-heçəylə başa vurdu.

On dəqiqəlik rapid partiyalarında Aleksandr Qrişuk Vladimir Fedoseyevi, Yevgeniy Tomaşevskiy Nquen Nqok Şonu, Sergey Karyakin Aleksandr Anişuku, Yuy Yanyi isə İqor Lısıyı turnirdən kənarlaşdırdı.

İlk klassik partiyada məğlub olan Karyakin əzmkarlıq və ustalıq sayəsində qələbə qazandı. Hərçənd ikinci partiyada da Sergey bir sıra səhvlərə yol verdi. Anişuk bu səhvlərdən yararlana bilmədi və nəticədə təslim olmağa məcbur oldu. Partiyada həlledici an 25-ci gedişdə baş verdi. Anişuk üçün pis vəziyyət yaradan Karyakin rəqibin şahını sıxışdırmağa başladı və tezliklə istəyinə çatdı. Tay-brekdə isə Ukrayna əsilli qrossmeyster on dəqiqəlik rapid zamanı 1\16 finala vəsiqəni rəsmiləşdirdi.

Blits şahmatda Yan Nepomnyaşiy Loran Fressineyə qalib gəldi. Vey İ isə Yuriy Vovkadan güclü oldu. Günün ən gec başa çatan görüşündə Maykl Adams sevindi. Təcrübəli şahmatçı ilk klassik partiyada uduzduğu Viktor Lazniçkanın sözün əsl mənasında əsəbləriylə oynadı. İkinci klassik partiyada qələbə qazanmaqla ümumi hesabı bərabərləşdirən Adams duelin taleyini “Armaqeddon”da həll etdi. Ağlarla oynayan Maykl Adams qələbə qazanmaqla Dünya Kubokunda mübarizəni davam etdirmək imkanı qazandı.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed