Şrift:
Apteklər Tarif Şurasının qərarına necə riayət edir?
17.09.2015 [11:23] - Gündəm, Sağlıq
Rusiya istehsalı olan dərmanların qiymətləri aşağı salınmayıb. Bunu Bakıda bir sıra apteklərdə aparılan müşahidələr göstərir. Əczaçıların verdiyi məlumata görə, qiymət endirimi daha çox Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan istehsalı olan dərmanlarda özünü göstərir.

Avropa istehsalı olan dərmanlarda da qiymət endirimi cüzi də olsa hiss olunur.

Əczaçılar bildirib ki, eyni tərkibli Rusiya istehsalı olan anti-biotiklərin qiyməti dəyişməyib: "Amma Asiyadan gətirilən anti-biotiklərin qiymətini iki dəfə aşağı salmışıq. Macarıstandan gətirilən bəzi dərmanlarda da tədricən qiymətlər aşağı salınır”.

Çox ciddi dəyişiklik olmadığını və bu prosesin tədricən həyata keçiriləcəyini qeyd edən əczaçıların sözlərinə görə, qiymətlərin endirilməsini bütün apteklər eyni xətt üzrə tənzimləyir. Azərbaycanda gündən-günə artan şəkər xəstələri üçün olan preparatların qiymətində heç bir dəyişiklik olmadığını qeyd edən əczaçılar bildirir ki, şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş ”Tioktacid” əvvəl 25 manata satılırdı, elə indi də o qiymətədir. Ola bilər apteklərin yerləşdiyi ərazilərə görə qiymətlərdə 50 və ya 20 qəpik fərq edə bilər. Amma bu o demək deyil ki, qiymətlərdə endirim olub”.

Allergiyalı xəstələr üçün nəzərdə tutulan dərmanların qiymətlərində endirim olduğunu deyən başqa bir əczaçı bunların ancaq Asiya istehsalı olanlara aid olduğunu bildirib: "Yaxın vaxtlarda qiymətlər aşağı salınacaq. Qarşıdan qış gəlir. Xəstəliklər qış aylarlında artır. Hazırda konkret dərman adı çəkə bilmərəm ki, onun qiymətində çox böyük enidirim olub. Amma ümumilikdə yavaş-yavaş qiymətlərin salınması prosesi gedir”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında Azərbaycanda dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qərar verilib. Qərar sentyabrın 15-dən qüvvəyə minib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formaları təsdiq edilib.

Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçilib.
Bu xəbər oxucular tərəfindən 1309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed