Şrift:
Abbas Lisani aclıq aksiyasını davam etdirir
19.09.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani sentyabrın 9-ü (şəhrivərin 18-i) səhər vaxtından məhbus hüquqlarının pozulduğuna görə etiraz aksiyasına başlayıb. Və artıq onun aclıq elan etdiyi gündən bir həftədən çox keçir. Bu o halda baş verir ki, sentyabrın 15-də (şəhrivərin 24-də) onunla ailəsinin görüşünə icazə verilməyib.
A.Lisaninin ailəsi onun keçmiş həbs dövründə keçirdiyi aclıq aksiyaları səbəbindən, bu aclığın onun sağlamlığına ciddi ziyan vuracağından nigarandır.

Aclıq aksiyasına başladıqdan sonra Ərdəbil zindanının təhlükəsizlik bölməsinin məsulları azərbaycanlı fəala bildirib ki, onu uzaq bir şəhərə sürgün edib və yaxın günlərdə şərrində qurtulacaqlar.

Məmurlar həmçinin məhbusun ailəsinə deyiblər ki, “Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi A.Lisaninin uzaq bir şəhərin zindanına intiqal edilməsi üçün Ali Məhkəməyə müraciət etmək niyyətindədir. Bu məsələ isə Lisani ailəsinin xüsusi nigaranlığına səbəb olub.

Tanınmış azərbaycanlı milli-mədəni fəal Urmu gölünün qurudulmasına etiraz etdiyi dosyeyə görə həbs cəzasına məhkum edilib. O həbs edildikdən sonra 3-cü dəfədir aclıq aksiyasına başlayıb. Bundan öncəki aclıq aksiyaları zindan məsullarının üzr istəməsi və fəalın bir sıra tələblərinin təmin edilməsi ilə sona çatıb. Son dəfə isə tanımımış fəal məhbus hüquqlarının yenidən pozulduğuna görə aclıq aksiyasına başlayıb.

Bildirək ki, Abbas Lisani həbsxanaya aparıldıqdan sonra ona müxtəlif formalarda təzyiq edilib. Fəalın adının Abbas Lisani deyil, Abbas Əmani kimi qeyd olunması, telefon əlaqələrinin məhdudlaşdırılması, ailəsi ilə görüşlərinin məhdudlaşdırılması, qətldə ittiham olunan və digər qeyri-siyasi məhbusların onun saxlandığı bölümdə saxlanılması, şübhəli bir şəxsin fəalın saxlandığı bölümə gətirilməsi və Abbas bəyin onun tərəfindən təhdid edilməsi, fəalın sürgün edildiyi ilə bağlı şayiələrin yayılması, Zindanın təhlükəsizlik məsələləri üzrə məsulu Surabadinin fəalı sürgünə göndərməklə bağlı təhdid etməsi, Ərdəbil zindanının bir küncündə yerləşən karantin bölümündə əl-ayağı bağlı aclıq aksiyası keçirən məhbusların saxlanması və s. kimi ruhi-psixoloji işgəncələr o cümlədəndir.

A.Lisaninin sürgünə göndərilməsi ilə bağlı xatırladaq ki, o keçən illərdə (hicri-şəmsi təqvimi ilə 1386-cı ildə) məhkum olduğu həsb müddətini çəkdiyi zaman Əhər zindanından Yəzd zindanına intiqal edilmişdir.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed