Şrift:
Abbas Lisani 12 gün keçdikdən sonra aclıq aksiyasını dayandırıb
21.09.2015 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal 12 gün keçdikdən sonra aclıq aksiyasını dayandırıb.
Sentyabrın 9-ü (şəhrivərin 18-i) səhər vaxtından məhbus hüquqlarının pozulduğuna görə aclıq aksiyasına başlayan fəal bazar günü sentyabrın 20-də aclıq aksiyasını dayandırıb. Fəal bu qərarı ailə üzvləri ilə görüşdükdən sonra verib. Görüş zamanı onun ailə üzvləri, fəalın səhhəti ilə bağlı ciddi nigaranlıq keçirən bir çox milli-mədəni fəalın istəyini dilə gətirib və ondan aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Bu arada Ərdəbil mərkəzi zindanının rəisi cənab Məhbubi də fəala İranın uzaq bölgələrinə sürgün edilməyəcəyinə dair ciddi söz verib. Fəal isə bütün bunları nəzərə alaraq bazar günü aclıq aksiyasını dayandırıb.

Məlumata görə, fəalın ailəsi ilə onun görüşü rahat baş tutmayıb. Bazar günü Abbas bəyin həyat yoldaşı onun qardaş və bacısı ilə birlikdə Ərdəbilin prokuror (dadistan) müavininə müraciət edib, fəalın aclıq aksiyasından dolayı səhhəti ilə bağlı öz nigaranlıqlarını bildirib və onunla görüşmək istədiklərini bildiriblər. Lakin prokuror müavini Lisani ailəsi ilə olduqca kobud davranıb və bildirib ki, “Abbas Lisaninin ölümü bizim üçün əhəmiyyətsizdir.”

Bundan sonra Lisani ailəsi prokurorun yanına gedib və mövzu ilə bağlı onunla danışıblar. Prokuror isə onları zindanın hakimi (qazi) cənab Lütfinin yanına göndərib. İlk öncə Lisani ailəsi ilə kobud rəftar edən Lütfi sonunda onlara Abbas bəylə görüşməyə icazə verməli olub.

Tanınmış fəal görüş salonuna əl-ayağı qandallı bir vəziyyətdə və bir əsgərlə birlikdə gəlib. Bildirək ki, Bu qeyri-insani rəftar hətta qətldə ittiham olunan məhbuslara qarşı həyata keçirilmir... !

Hazırda 12 gün aclıq aksiyasından sonra azərbaycanlı fəalın cismi baxımdan yaxşı durumda olmadığı və 20 kilo çəki itirdiyi bildirilir. Onun səhhətində hansısa problemin yarandığı da istisna edilmir.

Tanınmış fəal Urmu gölünün qurudulmasına etiraz etdiyi dosyeyə görə 1 illik həbs cəzasına məhkum edilib. O iyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində öz iş yerinə getdiyi vaxt rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və həbsxanaya aparılıb.

Xatırladaq ki, Abbas Lisani aktiv mədəni fəaliyyətləri ilə seçilən fəallardan biridir. O Babək Qalası, Urmu Gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstü mərasimi və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb. Cənab Lisani Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb.

Ötən illərdə Beynəlxalq Əfv Təşkilatı, məhbusların hüquqlarının müdafiə qurumu və müxtəlif insan haqları təşkilatları A.Lisani ilə bağlı bəyanatlar yayıb və azərbaycanlı fəalın vəziyyəti ilə bağlı öz nigaranlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed