Şrift:
Azərbaycanda hərbi pilotların hazırlığı mərkəzi açılıb
21.09.2015 [16:21] - Gündəm, Hərb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsinə dair tapşırığına əsasən pilotların hazırlığı mərkəzinin açılışı olub.

Yeni mərkəzin açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov əvvəlcə Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzinə gələrək idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub.

Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi məqsədini daşıyır.

Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.

Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.

Mərkəzdə ixtisaslı mütəxəssislər tərəfindən hazırlanan gənc pilotlarla görüşən müdafiə naziri xüsusi qeyd edib ki, silahlanmada kifayət qədər döyüş aviasiyasına malik Silahlı Qüvvələrimiz Ali Baş Komandan tərəfindən verilən istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.

General-polkovnik Z.Həsənov döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara da baxıb. Nazir bu işin davam etdirilməsi ilə bağlı müvafiq tapşırığlarını verib.

Sonra nazirliyin rəhbər heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair tapşırığına əsasən uçuş və texniki heyəti üçün yeni inşa edilən müasir yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksinə gələrək burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri zəruri infrastrukturla yanaşı ailəli hərbi qulluqçular üçün nəzərdə tutulan və inşası davam etdirilən hər biri 50 mənzilli müasir tipli üç binada aparılan tikinti işlərinin gedişatını yoxlayıb. General-polkovnik Z.Həsənov tikintinin qısa müddətdə sona çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed