Şrift:
Bakıda işəgötürənlər üçün “Açıq qapı” günü
22.09.2015 [12:18] - Gündəm, Sosial, Bildiriş
Dövlət Əmək Müfəttişliyi Bakıda avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində əməyin təhlükəsizliyinə həsr olunmuş forum təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istehsalat qəzalarının təhqiqatı zamanı belə halların əsasən iş yerlərində əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunur. Ona görə də hər bir işəgötürən bilməlidir ki, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilməməsi işçi insanların həyat və sağlamlığını təhlükə altında qoyur. Bu fikirlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakıda keçirdiyi “Açıq qapı” günü-vətəndaş forumunda vurğulanıb.

ƏƏSMN-nin 1, 2, 3, 4, 5 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələrinin və Bakı şəhərinin 10 rayonu üzrə işəgötürənlərin iştirakı ilə keçən tədbirdə hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnun olduğu vurğulanıb, əməyin mühafizəsi ilə bağlı vacib prinsiplər diqqətə çatdırılıb.

Qeyd olunub ki, əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir. DƏMX tərəfindən respublikada növbəti dəfə “Təhlükəsiz iş aylığı”nın elan olunması və aylıq çərçivəsində keçirilən tədbirlər də işəgötürənlərin bu məsələyə diqqətinin və iş yerlərində əməyin mühafizəsinin təmin olunması ilə bağlı sosial məsuliyyətinin artırılmasına yönəlib.

Tədbirdə DƏMX-nin mütəxəssisləri müəssisələrdə, o cümlədən avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün norma və standartlar barədə işəgötürənlərə ətraflı məlumatlar, iş yerlərində texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsi ilə bağlı izahatlar veriblər.

Ayrı-ayrı işəgötürənlər öz müəssisələrində əməyin mühafizəsinin təşkili sahəsində görülən işlərdən söz açıb, belə maarifləndirici tədbirlərin onların müvafiq sahədə bilik və təcrübələrinin artırılması üçün önəmli olduğunu bildiriblər. “Açıq qapı” günü-vətəndaş forumu işəgötürənlərin suallarının cavablandırılması ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed