Şrift:
Hakim partiya: Hərbi doktrinaya əsasən Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz
25.09.2015 [14:42] - Gündəm, Hərb
"Əgər biz suverenliyimizin bir hissəsini hansısa ölkəyə bağışlasaydıq, Ermənistanın işğalı altında olan Qarabağ çoxdan azad olunardı. Amma bizə yarımçıq müstəqillik lazım deyil". Bunu açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Almaniyanın Qərb mətbuatında guya Rusiyanın Azərbaycanda hərbi baza yaradacağı, bunun əvəzində Ermənistanın işğalı altında olan ərazilərdən 5 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı yer alan informasiyalara münasibət bildirərkən deyib.

Millət vəkilinin firkincə, bu, məqsədli şəkildə ortaya atılan təxribat xarakterli informasiyadır: “Bu informasiyanın heç bir əsası yoxdur. Çünki Azərbaycan Respublikasının Hərbi doktrinasına görə Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz. Azərbaycanın 1993-cü ildən bəri - əvvəlcə ümummilli lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın müstəqil dövlət siyasətidir və Azərbaycan heç bir halda suverenliyini nəyəsə görə qurban verə bilməz”.

A.Mirzəzadənin fikrincə, Azərbaycana qarşı Avropada aparılan antiAzərbaycan kampaniyası çərçivəsində belə informasiyaların yayılmasında məqsəd Azərbaycanın yaxşı münasibətləri olduğu qonşularla münasibətlərini korlamaqdır: “Bir tərəfdən müəyyən məqsədlərlə Azərbaycanı nələrdəsə ittiham etmək, digər tərəfdən onun üçün xarici siyasətdə problemlər yaratmaq həmin mərkəzlərin öz qarşısına qoyduğu vəzifələrdən biridir. Azərbaycanla Rusiya arasında yaxşı qonşuluq münasibətləri var və bu dövlətlər bir-birini başa düşməyə, bir-biri ilə sıx əməkdaşlıq etməyə çalışır. Onlar belə bir informasiyalar yaymaqla Azərbaycanla Rusiyanın arasını vurmağa, Azərbaycanın Dağlıq Qarabağ probleminin həll edilməsində əlavə əngəllər yaratmağa, ən əsası isə Azərbaycanı düşünülməmiş addımlar atmağa sürükləməyə çalışırlar. Əlbəttə ki, bunlar baş verə bilməz. Azərbaycan öz suverenliyini nəyəsə qurban verməyə heç zaman razı ola bilməz. Rusiya ilə münasibətlər bizim üçün prioritet məsələlərdən biridir. Bununla yanaşı mehriban qonşuluq münasibətləri də əsas yer tutur. Ona görə də Azərbaycanla Rusiya arasında münasibətlər dövlətçiliyi güzəştə getmək üzərində qurulmayıb. Bu bərabər səviyyəli, bir-birinin milli maraqlarına hörmətlə yanaşmaq və ümumi nöqtələr tapmaq üzərində qurulmuş münasibətlərdir”.

İqtidar rəsmisi qeyd edib ki, bu gün Azərbaycanı qeyri-stabil ölkəyə çevirmək cəhdləri heç bir nəticə verməyəcək: “Bu gün Azərbaycanın bütün addımları beynəlxalq aləmdə maraq doğurur. Baxın, kiçik bir ölkə öz gücünə söykənərək sosial və iqtisadi probemlərinin böyük əksəriyyətini həll edir, demokratiya və insan hüquqlarının qorunması istiqamətində inkişaf edir. Bir-birinin ardınca ölkəmizdə keçirilən mötəbət tədbirlər isə Azərbaycan haqqında müsbət imicin formalaşmasına kömək edir. Ümumiyyətlə, Azərbaycan bu gün dövlətçiliyin inkişafında maraqlı model ortaya qoyub. Bu baxımdan Azərbaycanın atdığı addımlar bundan sonra da maraq doğuracaq. Ancaq burada hərbi bazanın yerləşdirilməsi, Azərbaycanın qeyri-stabil bir regiona çevrilməsi məsələsi heç zaman gündəlikdə ola bilməz”.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed