Şrift:
Təhsil tariximizdən maraqlı səhifələri və yaxud AMEA-nın alim əməkdaşları Bakının orta məktəblərdə tədris işlərinə niyə cəlb olunmurlar?
28.09.2015 [09:33] - Gündəm, DAVAMın yazıları
Keçən il mətbu orqanların birində AMEA alimlərinin Bakının 2 məktəbində dərs deyəcəkləri yenilik kimi oxuculara çatdırılmışdı. Əslində bu yeni ideya deyildi. Hələ 1988-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının bir qrup alimnin təşəbbüsü ilə Bakıdakı 178 №-li orta məktəbdə kimya elmləri namizədi Elxan Əmirbəyovun rəhbərliyi ilə təbiət elmləri fakültəsi yaradılmışdı. Təbiət elmlərinin tədrisinə üstünlük verilən yeni qurum FEN (факультет естественных наук) adlandırıldı.
Elxan Əmirbəyov bir neçə gün ərzində təşkilati məsələləri həll etdi, elminə və pedaqoji ustalığına bələd olduğu və bacarığına inandığı ziyalıları məktəbə dərs deməyə dəvət etdi. Sonralar Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri olan akademik Ramiz Rizayev FEN-in fəxri dekanı seçildi.
Orta məktəbdə yaradılmış yeni quruma dəvət olanların çoxu AMEA-nın təhsil məsələlərindən xəbərdar olan əməkdaşları idi. FEN-in Azərbaycan və rus bölmələri var idi. Burada təhsil pulsuz idi. Şəhərin bir çox nüfuzlu məktəblərinin qabiliyyətli şagirdləri FEN-in şagirdi olmağa can atırdı.
Tədris üsulunda bir çox yenilikləri olan bu fakültə Azərbaycanın təhsil sistemində yenilik idi.Bir məktəbdə 10-dan artıq nüfuzlu alim işləyirdi: biologiya elmləri namizədləri Tariyel Heybətov, Fuad Ağayev, kimya elmləri doktoru İltifat Lətifov, kimya elmləri namizədləri Elxan Əmirbəyov,Vəli Əliyev, fizika elmləri namizədi Sərhəd Bağırov , incəsənət elmləri namizədi Cəmilə Həsənova və başqaları. Qısa müddətdən sonra FEN əsasında ayrıca bir qurum yaradıldı: 291 №-li "Araz" Ekologiya Liseyi.
Nərimanov Rayon Təhsil Şöbəsinin və Təhsil Nazirliyi rəhbərliyinin tövsiyəsi ilə E.Əmirbəyov liseyin direktoru təyin olundu. AMEA Nəsimi adına Dilçilik İnstitutunda aspirantura təhsili aldığıma görə mənə də burada-"Araz " Ekologiya Liseyində nüfuzlu elm adamları ilə yanaşı, tədris işləri üzrə direktor müavini işləmək təklif olundu. Beləliklə, burada iki tədris ili ərzində tədris işləri üzrə direktor müavini işlədim.
Liseydə tədris işləri dünya səviyyəli elmi işlərə və qabaqcıl metodiki üsullara əsaslanırdı.
Proqramda bir sıra əhəmiyyətli dəyişikliklər etmişdik. Respublikada ilk dəfə orta məktəb proqramına nitq mədəniyyəti fənnini biz i daxil etdik. Nitq mədəniyyəti fənninin tədrisini filologiya elmləri doktoru İsmayıl Oruc oğlu Məmmədova tapşırdıq. Liseydə humanitar və iqtisadiyyat fakültələri yaratdıq.Akademiynın elmi institutları ilə yanaşı, "Araz" Ekologiya Liseyinə ali təhsil müəssisələrindən də bacarıqlı mütəxəssisləri işləməyə dəvət etdik. Liseydə akademiklərlə,maraqlı həyat yolu keçmiş adamlarla,əmək və müharibə veteranları ilə maraqlı görüşlər keçirdik. Məktəbdə şagirdlərin mütaliə mədəniyyətini yüksəltmək üçün şagird və müəllimlərin hədiyyələri əsasında zəngin kitabxana yaratdıq.
Liseyin ilk buraxılışında məzunlarımızın hamısı ölkəmizin,eləcə də Rusiya Federasiyasının nüfuzlu ali məktəblərə yüksək balla daxil oldular.
Lisey TQDK-nın təcrübə bazasına çevrilmişdi. Dörd müəllimimiz TQDK-nın fənn komissiyalarının ilk rəhbərli seçildi. "Araz" Ekologiya Liseyinin müəllimlərindən E.Əmirbəyov-fizika,V.Əliyev-kimya,T.Heybətov- biologiya,mən-Azərbaycan dili və ədəbiyyatı fənni seminarlarına rəhbərlik edirdik. Başqa sözlə, "Araz" Ekologiya Liseyi respublika səviyyəli metodiki mərkəzə çevrilmışdi. Respublikada testologiya elminin formalaşmasında və inkişafında məktəbimizin onlarla müəllimi iştirak edirdi.
Sonralar liseyin rəhbərliyi dəyişdilrildi. Səbəbi bu gün də bu təhsil ocağının yaradıcılarından heç birinə hələ də məlium deyil.
Müəllimlərimiz Bakı Kompyuter Məktəbi əsasında yaradılmış Bakı Kompyuter Kollecinə keçməli oldu.Bu təhsil ocağı həm orta ixisas təhsil müəssisəsi , həm də onun nəzdində fəaliyyət göstərən orta məktəb kimi düşünülmüşdü. Müəllimlərimiz təcrübəli mütəxəssislər kimi hər iki şöbədə uğurla işləməyə başladılar. Burada da Elmlər Akademiyasının elmi potensialından istifadə etdik.
***
Bu gün AMEA rəhbərliyi elmi işlərlə yanaşı, təhsil tariximizin maraqlı işlərinə də ,dünya səviyyəli təcrübələrinə də böyük rəvac verməlidir. Opta məktəblər Milli Akademiyamızın təcrübə bazası olmalıdır. Burada yaş senzinə baxmadan bacarıqlı, zəngin pedaqoji ustalığı olan müəllimlərin bilik və təcrübəsindən səmərəli istifadə edilməlidir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
Pespublikanın orta ümumtəhsil məktəbləri üçün kurikulum materialları hazırlayan işçi qrunun üzvü,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Respublika Prezidentinin aylıq təqaüdçüsü.

Bakı,27.09.2015.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed