Şrift:
Rusiyaya sifariş verilmiş Mi-35M tipli döyüş helikopterlərinin növbəti partiyası Azərbaycana martda göndəriləcək
30.01.2012 [18:45] - Hərb
Azərbaycanın Rusiyaya sifariş verdiyi Mi-35M tipli döyüş helikopterlərinin növbəti partiyasının mart ayında Azərbaycana göndərilməsi gözlənilir.

Rusiya mətbuatının verdiyi məlumata görə, «Rosvertol» şirkətinin Rostov-Dondakı zavodunda istehsal edilmiş daha bir ədəd Mi-35M ötən həftənin sonlarında test uçuşlarını gerçəkləşdirib. Uçuşlardan sonra helikopterlər rənglənəcək. Hazırda sifariş üzrə zavodda digər helikopterlərin yığılması prosesi davam etdirilir.

Azərbaycanın sifarişi üzrə, 4 ədəd Mi-35M helikopter 2011-ci il dekabrın 12-də Azərbaycana göndərilib.

Qeyd edək ki, “Mi-35” helikopterləri “Mi-24” helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.
Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed