Şrift:
Kağızlardan "Yaşıl dağ" yaratdılar
07.10.2015 [09:10] - Gündəm, İqtisadiyyat, Gənclik
IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, ətraf mühitin mühafizəsi naminə keçirilən aksiyada Dövlət Agentliyinin sədri İnam Kərimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və vətəndaşlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri İ.Kərimov çıxış edərək qeyd edib ki, Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı sosial aksiyaları ilə tanınır. Budəfəki birgə təşəbbüs ilə baş tutmuş aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Cari ilin may ayından etibarən “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 90 tona yaxın kağız tullantısı təhvil alınıb və təkrar emala verilib.

Daha sonra çıxış edən insan hüquqları üzrə müvəkkil E.Süleymanova vurğulayıb ki, kağız tullantıların bir yerə toplanması ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması üçün çox vacib təşəbbüsdür. Layihəyə dəstək məqsədilə yüzlərlə vətəndaşın bu təşəbbüsün iştirakçısına çevrilməsi təqdirəlayiqdir.

Sonda 3000-ə yaxın aksiya iştirakçısı özləri ilə gətirdikləri kağız tullantılarını təhvil verərək “yaşıl” gələcək üçün çağırış edib və “Yaşıl dağ” aksiyası çərçivəsində 20 tondan çox kağız yığılıb.
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed