Şrift:
Azərbaycan Dəmir Yolları- QSC əhaliyə müraciət etdi
08.10.2015 [13:46] - Gündəm, Bildiriş
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür, çəpərləmə işləri aparılır.

Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bəzi hallarda Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarlarının marşrutlarına yaxın ərazidə yaşayan vətəndaşlarımız qadağan olunmüş yerlərdən keçməklə, kiçik yaşlı övladlarını nəzarətsiz qoymaqla, həm özlərinin həyatını təhlükə qarşısına qoyur, həm də Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarının təhlükəsiz hərəkət etməsinə mane olurlar. Bu da son nəticədə elektrik qatarlarının hərəkətində ləngimələrə səbəb olur.

N.Əzməmmədov məsələ ilə bağlı piyadaları daha diqqətli olmağa çağırıb: “Piyadalar dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən (körpülərdən, tunellərdən və keçidlərdən istifadə edərək) keçməlidirlər. Körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşəmələri olan, habelə "Dəmir yolundan keçid" nişanları qoyulmuş yerlərdən keçməlidirlər. Yaxınlaşmaqda olan qataradək məsafə 400-metrdən az olduqda, qatarın qarşısından dəmir yolu xəttini keçmək olmaz. Relsin üstünə çıxmaq və ya onun üzərində oturmaq, tiyə və çərçivə relsi arasında dayanmaq qadağandır. Dəmir yollarına qatarların hərəkəti üçün təhlükə yarada bilən əşyalar qoymaq olmaz. Biz “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq, vətəndaşları bu məsələlərə daha məsuliyyətlə yanaşmağa, tələb olunan qaydalara əməl etməyə çağırırıq”.
Bu xəbər oxucular tərəfindən 1282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed