Şrift:
“Azərbaycan” İntellektual Oyunlar Klubu regionlarda oyun mövsümünə start verdi
09.10.2015 [00:53] - Gündəm, Gənclik
Klubun prezidenti Aydın Piriyevin verdiyi məlumata görə, ilkin olaraq Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə oktyabrın 2-də Heydər Əliyev Mərkəzində “5 oktyabr Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş gənc müəllimlər arasında Breyn-rinq intellektual oyunu keçirilib.

Yarışı giriş sözü ilə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov açaraq əvvəlcə müəllimləri qarşıdan gələn Müəllimlər Günü münasibətilə təbrik edib.

Yarışda Biləsuvar rayonunun orta ümumtəhsil müəssisələrində çalışan, yaşı 29-dək olan müəllimlər iştirak edib. Azərbaycan İntellektual Oyunlar Klubu”nun təşkilati dəstəyi ilə keçirilən yarışda komandalar arasında 2 komanda - Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksini təmsil edən “Mübariz Gənclər” və Təzəkənd kənd tam orta məktəbini təmsil edən “Uğur” komandası finala vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən qarşılaşmada Ağayrı kənd tam orta məktəbini təmsil edən “Şəms” komandası Şəhər 4 saylı tam orta məktəbin “Zirvə” komandası ilə gərgin keçən mübarizədən sonra qalib ayrılıb. Finalda qalibiyyət uğrunda bərabər gedən mübarizədə ən son anda suallara daha tez və dəqiq cavab verən Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksini təmsil edən “Mübariz Gənclər” komandası qalib olub. Qalib komandalar Biləsuvar rayonu Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunub.

Növbəti oyun isə Gəncə Dövlət Univerisitetinin ev sahibliyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Azərbaycan” İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 3 Oktyabr tarixində keçirilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biri “Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması” bəndini əsas götürərək, həmçinin 15 Sentyabr Bilik günü münasibəti ilə təşkil olunan bilik yarışında gənclərdən ibarət 17 komanda iştirak edib. Ümumilikdə, 102 iştirakçı, 10 nəfər təşkilatçı gəncin iştirak etdiyi turnirdə I yeri “Odlar Yurdu”, II yeri “Uğur”, III yeri isə “ÜTF” komandası qazanıb. Qalib komandalar diplom, kubok və medallarla təltif olunublar.

Turnirin açılışında Gəncə Dövlət Univerisitetinin tərbiyə işləri üzrə prorektoru cənab Asif Cavadov, “Odlar Yurdu” GİB və” Azərbaycan” İntellektual Oyunlar Klubu İB-nin nümayəndələri çıxış edərək turnirin gedişatına uğurlar arzulamaqla yanaşı, bu kimi bilik yarışlarının keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Məlumat üçün bildirək ki, "Odlar Yurdu" GİB və “Azərbaycan” İntellektual Oyunlar Klubu İB cari ilin iyul ayından etibarən rəsmi tərəfdaşlıq imzalayaraq, Gəncə şəhərində intellektual oyunların daha geniş vüsət almasına, gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına töhvə vermək istiqamətində uğurlu layihələrə imza atmaqdadırlar.

“Azərbaycan” İntellektual Oyunlar Klubu paytaxtla kifayətlənməyərək, həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İOK-nun açılışı ilə başlayaraq, bir sıra bölgələrdə də bu hərəkata qoşulublar.

Lənkəran, Quba, Qusar, Şabran, Göyçay, Balakən, İmişli, Qərb bölgəsi üzrə Göygöl, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Ağstafa, Qazax üzrə hal-hazırda nümayəndəliklər var və mütəmadi olaraq oyunlar təşkil edilir. 2014-cü ilin fevral ayından etibarən isə Qərb rayonlarında da intellektual layihəyə start verilib. Layihəyə əsasən, hər ay Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə rayonlar çempionatları keçirilir və hər rayonun qalibi olmuş komandalar Şəmkir şəhərində Qərb region birinciliyində iştirak edirlər. Növbəti mərhələdə mərkəz Balakən olmaqla Şimal, mərkəz İmişli olmaqla Aran bölgəsi üzrə iri nümayəndəliklərin yaradılması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed