Şrift:
Gürcü gəncləri Azərbaycanda səfərdədirlər
14.10.2015 [11:05] - Gündəm, Gənclik, Borçalı
11 oktyabr 2015-ci tarixdən başlayaraq 23 nəfər tələbə və gənclərdən ibarət Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında gənclər sahəsində əməkdaşlığın, dostluq və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda 18 oktyabr 2013-cü il tarixdə Gürcüstanın Siqnaxi şəhərində 2014-2016-cı illəri əhatə edən Tədbirlər Planından irəli gələn layihələrin həyata keçirilməsidir.

Qeyd edək ki, 2014-2016-cı illəri əhatə edən Tədbirlər Planı Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında Sazişlərə uyğun olaraq imzalanıb.

Səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda olub, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyublar.

Eyni zamanda, Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında görüşlər keçirib, respublikanın aparıcı gənclər təşkilatlarının rəhbərləri ,ictimai fəal, yaradıcı və istedadlı gənclərlə tanış olublar.

Qonaqlar, Azərbaycanın tarixini, mədəniyyətini özündə əks etdirən bir sıra məkanları: “Atəşgah Məbədi” Dövlət Tarixi- Memarlıq Qoruğu, “İçəri Şəhər i(”Şirvanşahlar Sarayı və Qız Qalası ) ziyarət ediblər.

Qonaqlar Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevin də qəbulunda olublar. İ.Babayev gürcü gənclərinə 1997-ci ildən Azərbaycan və Gürcüstan arasında gənclər sahəsində ikitərəfli müqavilə proqramının fəaliyyət göstərdiyini, 2013-cü ildə isə Gürcüstanın Siqnaxi şəhərində 2014-2016-cı illəri əhatə edən Tədbirlər Planının imzalandığını diqqətə çatdırıb.

Gənclər və İdman Nazirliyinin fəaliyyəti haqqında da söz açan nazir müavini bildirib ki, nazirlik yarandığı gündən gənclər sahəsində 20-dən artıq normativ sənəd imzalanıb: “Son 5 ildə nazirlik tərəfindən 600-dən artıq tədbir keçirilib ki, onlardan da 130-dan çoxu beynəlxalq, digərləri yerlidir. Bu gün ölkədə 300-dən artıq qeyri hökumət gənclər təşkilatları fəaliyyət göstərir.Son 5 ildə nazirlik tərəfindən 542 layihə dəstəklənib. Məhz elə bu ilin 9 ayı ərzində nazirlik tərəfindən 70-dən artıq tədbir həyata keçirilib.”

Bu səpkili səfərlərin önəmindən söz açan nazir müavini, hər iki ölkənin gəncləri arasında daha sıx dostluq münasibətlərinin yaranmasına səbəb olduğunu diqqətə çatdırıb: “2000-ci ilə qədər Gürcüstan və Azərbaycan gəncləri arasında çox maraqlı bir adət vardı. Ölkələrin əlamətdar günündə hər iki ölkənin gəncləri “Qırmızı körpü” də görüşür və bayramları qeyd edir, bir-birilərinə qonaq gedir və bununla da dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirirdilər. Düşünrəm ki, bu səpkili layihələr yenidən bərpa olunmalıdır.”

Daha sonra nazir müavini gürcü gənclərini maraqlandıran suallara cavab verib, görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, gürcü gənclərinin ölkəmizə səfəri 13 oktyabr tarixində başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed