Şrift:
Ramin Cabbarlı: «İran Rejimi məni dövlətin təhlükəsizliyinə qarşı çıxmaqda təqsirləndirirdi»
31.01.2012 [15:34] - Müsahibə
«Biz Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını tələb edirik»


Həmsöhbətimiz güneyli soydaşımız, hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Ramin Cabbarlıdır. O, 1983-cü ildə Güney Azərbaycanın Muğan şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə alan Ramin Cabbarlı Muğan Universitetinin məzunudur. Jurnalist və milli mübarizədə fəaliyyətinə görə rejim tərəfindən təzyiqlərə məruz qalan soydaşımız altı ay öncə İranı tərk etmək məcburiyyətində qalıb.

- Ramin bəy, milli mübarizəyə necə qoşuldunuz?

- Ailəmdə milli dəyərlərə hörmət var. Uşaqlıqdan Azərbaycanın milli mədəniyyətinə sevgiylə böyümüşük. Amma böyüdükcə rejimin millətimizə hörmətsiz münasibətinin hər addımda şahidi oldum. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına qarşı sayğısızlıq məhəllə səviyyəsindən dövlət qurumlarınadək hər sahədə görmək olar. İstər-istəməz bu münasibət milli dəyərlərimizi müdafiə etməyə sövq edirdi. Bu həm də milli zəmində özünümüdafiədir. Çünki millət dediyimiz anlayış ayrı-ayrı fərdlərin cəmidir. Azərbaycana qarşı hörmətsizlik millətimizin hər bir nümayəndəsinə yönəlir. Odur ki, hər sahədə millətimizi aşağılamağa çalışan rejimə qarşı mübarizəyə qoşuldum.
- Ayrı-seçkilik daha çox hansı məsələlərdə özünü qabarıq göstərir?
- Azərbaycan dilinə, mədəniyyətinə qarşı hər cür hörmətsizlik var və rejim bu münasibətini açıq şəkildə bildirir. Hətta İranın kütləvi informasiya vasitələrində də anti-Azərbaycan mövqeyi var. Bu yalnız özəl media qurumlarına aid deyil. Hətta rəsmi dövlət media vasitələrində də millət olaraq təhqir edilirik. Azərbaycana qarşı aşağılayıcı yanaşma incəsənətdə də var. Məsələn, İranda çəkilən bütün filmlərdə azərbaycanlı obrazı ya nökər, ya süpürgəçi, ya da ona bənzər rollarda olur. Çünki davamlı olaraq hakimiyyət millətimizi aşağılayır və bu siyasət hər sahədə özünü göstərir. Güneydə ən çox əzilən dəyərlərdən biri də dilimizdir. Biz Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını tələb edirik. Hakimiyyət isə hər vasitə ilə bu dəyərimizi məhv etməyə çalışır. Dil hər bir milləti var edən dəyərdir. Dilsiz millət yox olub gedər. Odur ki, milli fəalların əsas tələblərindən biri də dilimizin qorunması, rəsmi status verilməsi və ana dilində təhsilin tədris edilməsidir. Dilimizi hüquqlarını tələb edən hər kəs Azərbaycanı da müdafiə etmiş olur.
- Bəs fəaliyyətinizə görə həbs edildiniz?
- Bəli. 2010-cu il matın 17-də Muğanda parkların birində yoldaşlarımla birgə həbs edildim. Bizi «Ettelaat» Muğan şöbəsinə apardılar. Orada saxlayandan sonra Ərdəbil zindanına köçürdülər. Dövlətin təhlükəsizliyinə qarşı çıxmaqda təqsirləndirilirdim. 15 min dollar məbləğində zəmanətlə məhkəməyə qədər müvəqqəti azadlığa buraxıldım. Bütün sənədlərim, pasportum «Ettelaat»da idi. Sonra mənə xəbər göndərdilər ki, ittihama görə az məbləğ vermişəm. 50 min dollarında məbləğində girov qoymalıyam. Yoldaşlarımdan biri yaşadığı evi girov qoydu. Mən isə gördüm ki, təzyiqlər bitməyəcək. Məhkəmə qərarında da ədalətsizlik olacaq. Məcbur qalıb ölkəni tərk etməli oldum. Artıq altı aydır Türkiyədə yaşayıram.
- Həbs edilən milli fəallara qarşı adətən hansı ittihamlar irəli sürülür?
- Dövlət təhlükəsizliyinə qarşı fəaliyyət, xarici ölkələrə casusluq etmək və s. Məsələn, kimsə Azərbaycan Respublikası və Türkiyə ilə bağlı yazı dərc edərsə, həmin ölkələrə casusluq etməkdə təqsirləndirilir. Biz Quzeydə yaşayan ziyalıların, yazarların məqalələrini dərc edirdik. Odur ki, bu ölkələrə casusluqda təqsirləndirilirdik. İran hər zaman casus axtarır. Öz milli hüquqlarını müdafiə və tələb edən milli fəalların istiqlaliyyət kimi qutsal mübarizələrinə qara yaxırlar.
- Xarici mediada milli fəalların həbsi və ya onlara qarşı təzyiqlərlə bağlı xəbərlərin yayılması necə qarşılanır?
- Əgər həbs edilən fəal haqqında xarici mediada, o cümlədən Azərbaycan Respublikasının mediasında xəbər dərc edilərsə, mütləq istintaq zamanı soruşurlar ki, nə üçün filan media sənin haqqında yazıb?
- Buna görə də təzyiq göstərirlər?
- Yox. Sadəcə maraqlanırlar. Amma təzyiq olmur. Əksinə bunun həbsdə olan fəala xeyri var. Məsələn, mən həbs ediləndə qardaşım xarici mediaya mənimlə bağlı müsahibələr verirdi. Bunun mənə faydası oldu. Belə ki, haqqımda məlumatlar yayıldıqca müəyyən qədər çəkinirdilər, əvvəlki kimi təzyiq göstərmirlər. Mən də görürdüm ki, sorğu-suala aparanda davranışlarında fərq var. Çünki İran xarici mediada insan hüquqlarının pozulmasıyla bağlı xəbərlərin yayılmasını istəmir.
- Fəaliyyətinizin motivləri nədən ibarət idi?
- Muğan Universitetində hər ay Azərbaycan ədəbiyyatı ilə bağlı məruzələr olurdu. Orada təhsil aldığım müddətdə məruzələr hazırlayırdım. Həm də tələbəlikdən jurnalistika ilə məşğul olurdum. Ana dilində yazılar yazırdım. Əvvəllər İranda Azərbaycan dilində dərc edilən yeganə «Yarpaq» jurnal var idi. Orada yazılarım çıxırdı. «Laçın» adlı dərgi də nəşr edilirdi. Orada isə baş yazar idim. Bundan əlavə, kitab redaktoru kimi də fəaliyyət göstərirdim. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid kitablar dərc edirdik. Muğan Yazarlar Birliyinin katibi olaraq fəaliyyət göstərdim. Bunlar açıq fəaliyyətim idi. Həbs edilən fəallarla bağlı xarici mediaya xəbər ötürürdüm. Çalışırdım ki, təzyiqlərə məruz qalan fəallar haqqında daha çox məlumat yayılsın. Eyni zamanda evlərdə, o cümlədən də öz yaşadığım evdə ana dilimizi öyrətmək üçün dərslər keçirdim.
- Yazılarınızın hamısı Azərbaycan dilində olurdu?
- Əksəriyyəti Azərbaycan dilində olurdu. Çox az sayla fars dilində yazım olub. Olanda da Azərbaycan mədəniyyətinə aid yazmışam.
- «Yarpaq» və «Laçın» dərgiləri indi də dərc edilir?
- Yox, artıq bağlanılıb. «Laçın» dərgisi Tehranda çıxırdı.
- Nə üçün adını «Laçın» qoymuşdunuz?
- Əslində biz Quzeydə yerləşən Laçın rayonunun adını dərgiyə vermişdik. Amma İranda Quzeyə aid hər məsələyə çox həssas yanaşırlar və qadağa qoyurlar. Rejim Quzeylə bağlı heç bir məsələnin Güneydə yayılmasını istəmir. Odur ki, «Laçın» adlı jurnalın nəşrinə icazə vermədilər. Səbəbini isə belə izah etmişdilər ki, Laçın Quzey Azərbaycanda şəhər adıdır. Amma biz jurnalın nəşrinə icazə almaq üçün onları yanıltmalı olduq və dərginin nəşrinə icazə aldıq.
- Güney Azərbaycanda Qarabağ mövzusu nə dərəcədə aktualdır?
- Təbii olaraq insanlar hər zaman maraq göstərirlər. Söhbət xaricdən yox, Vətənin o tayından gedir. İşğal edilmiş torpaqlarımız, Qarabağ şəhidləri Güneyin də ürəyində yaradır. Qarabağ müharibəsi zamanı mənim yaşım az idi. Amma az da olsa xatırlayıram. Torpaqlarımız işğal edildikcə soydaşlarımız qaçqın düşürdü. Muğan sərhəddə yerləşən şəhərdir. Araz çayından Güney Azərbaycana pənah aparan məcburi köçkünlər bizim şəhərdən keçib İmişliyə gedirdilər. Atamın avtobusu vardı. Atam məcburi köçkünləri avtobusuna mindirib İmişliyə qədər aparırdı.
- Qarabağ müharibəsi Güney Azərbaycanda milli mübarizəyə necə təsir etdi?
- Qarabağ müharibəsinin başlanması Güney Azərbaycanda milli mübarizəyə də ciddi təsir etdi. Öncə də Güneydə milli mübarizə var idi, amma sırf milli mədəni istiqamətdə idi. Qarabağ müharibəsi nəticəsində Güney Azərbaycanda milli mədəni mübarizə siyasiləşdi, mücadilə artıq siyasi müstəviyə keçdi. Torpaqlarımızın işğalına və İran hakimiyyətinin bu məsələdə yürütdüyü ermənipərəst siyasətə etiraz olaraq ilk öncə Təbriz Universitetinin tələbləri aksiya keçirdilər. Sonra bu etiraz dalğası daha da genişləndi. Ermənistanın Tehrandakı səfirliyinin qarşısında dəfələrlə etiraz aksiyaları keçirildi. Güney Azərbaycanın reaksiyası çox təbii və haqlı idi. Başqa cür ola də bilməzdi. Vətənimizin torpaqları işğal edilir, bacı-qardaşlarımız yurdlarından qaçqın düşürdü.
- 20 Yanvar hadisəsini necə qarşıladınız?
- Xəbərimiz oldu. Çox acı hadisə idi. Bacı-qardaşlarımız şəhid olmuşdular. Axan bizim qanımız idi. 20 Yanvarda şəhidlər versək də, bu hadisə Azərbaycan Respublikasına istiqlaliyyət gətirdi. Odur ki, bu tarix həm də milli qürur günüdür. Güney üçün də əziz və çox həssas mövzudur.
- Bəs fars rejiminin Ermənistana isti münasibəti, Əhmədinejadın işğalçı ölkəyə səfərləri Güney Azərbaycanda necə qarşılanır?
- Əlbəttə, etirazlar var. Hətta Güney Azərbaycanda adi insanlar da anlayır ki, bu, siyasi məsələdir. İran Quzey Azərbaycanın dirçəlməsini və inkişafını istəmir. Çünki Qarabağ problemi çözülərsə, Güney Azərbaycan gündəmə gələ bilər. Bu, İranı hər zaman narahat edir. Odur ki, Quzeydə belə bir problemin varlığı rəsmi Tehranın marağına xidmət edir. Bunu millətimiz gözəl anlayır. Hamı yaxşı bilir ki, İran bəzi məsələlərdə din təəssübkeşliyi nümayiş etdirsə də, kökündə siyasəti məqsədlər yatır. Rejim islamın adından hakimiyyətdə qalmaq üçün istifadə edir. Əks halda, islam ölkəsinin torpaqlarını qəsb edən, 1 milyondan çox müsəlmanı yurd-yuvasından didərgin salan işğalçı Ermənistanı qardaş elan etməzdi.
- Urmiya gölü ekoloji yoxsa siyasi məsələdir?
- Zahirdə ekoloji probem kimi görünsə də, mahiyyətcə siyasi problemdir. Daha doğrusu, siyasi problem nəticəsində yaranmış ekoloji problemdir. Bölgəyə olduqca geniş təsir buraxan bu problemin çözülməsi yönündə heç bir addımın atılmaması da yenə siyasi bir davranışdır. Bildiyiniz kimi, Urmiya duzlu göl olduğu üçün quruduqdan sonra Azərbaycanın olduqca ağır təbii fəlakətlərlə üzləşəcəyi gözlənilir. Bu mövzuda ekoloqların söylədikləri ortadadır. Bu gedişlə Azərbaycan ərazilərinin böyük bir qismi yaşanmaz hala gələcək. Bütün bunları bilərək dövlət tərəfindən heç bir addımın atılmaması, bu davranışın arxasında bəlli bir siyası qərarın olmasını təsdiqləyir. Bu səbəbdən də milli fəalları bu problemi dövlətin Azərbaycana qarşı düşmənçiliyi kontekstində təhlil edirlər. Urmiya gölü Güney üçün ölüm-dirim məsələsi, Azərbaycan kimliyini daşıyan bir varlıqdır.
- Güney Azərbaycanın sabahını necə görürsünüz?
- İndiki halda Güney Azərbaycan Milli Hərəkatı ən güclü siyasi-mədəni axımdır. Artıq gündən-günə irəliləyən bir toplumsal hərəkatlə üz-üzəyik. Bu modern hərəkat getdikcə təkmilləşir və genişlənir. Öz keçmişini də sorğu-suala çəkmək cəsarəti olan yeni nəsillə bu hərəkət daha da inkişaf edir. Parçalanmış bir kimliyi yenidən qurmaq yönündə atılan addımlar daha da düşünülmüş və sarsılmazdır. Bu səbəbdən də bir gün gözlərimizdə arzularımızın gerçəkləşməsinin sevincini görəcəyimizə inanıram. O zaman Azərbaycan türkü insan olaraq tam sayqınlığını qorumuş olacaq.
Real Cəfərli
Bu xəbər oxucular tərəfindən 1423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed