Şrift:
Azərbaycanda yalnız xüsusi hazırlıqlı sürücülər taksi fəaliyyəti göstərə biləcəklər
16.10.2015 [10:18] - Gündəm, Bildiriş
Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Belə ki, qanunun 27-ci maddəsinə təklif edilən əlavəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır. Hazırda isə yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsi bir ildən az olmayan sürücülər taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul ola bilir.

Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüququi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir.

Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırma üçün taksometrlə bağlı daha bir tələb şərt kimi qoyulacaq. Həmin şərt taksi minik avtomobilləri ilə sərnişin daşıması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamənin olmasıdır.
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed