Şrift:
İran rəhbəri universitetlərdə etnik məsələsinin gündəmə gəlməsindən nigaranlığını dilə gətirib
20.10.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam cümhuriyyətinin dini lideri universitetlərdə etnik məsələsinin gündəmə gəlməsindən nigaranlığını dilə gətirib.
Əli Xamenei 9-cu “Sabahın elitası” konfransında universitet ustadlarının (müəllim) qarşısında çıxış edərkən bəzi ustadların etnik məsələsini gündəmə gətirdiyini bildirib. O, keçən günlərdə keçirilən konfransda çıxışının bir hissəsini universitet ustadları və onların etnik məsələsi ilə bağlı yanaşmalarına həsr edib:

“Ustadlar məsuliyyətli olmalıdır. Onlar İranı sevməlidir. Mən uzaqdan da olsa İranı sevməyən ustadlar tanıyıram. Onlar üçün İranın abadlığı və İranın gələcəyi mühüm sayılmır. Belə ustadlıq işə yaramaz!”

İran mətbuatı və rəhbərin saytında yayılan məlumata görə, Ə.Xamenei əlavə edib ki, “ölkəsini sevməyən, ölkəsinin birliyini istəməyən və öyrəncilər qarşısında dərsə aid olmayan mövzular danışan – hansıki ölkədə etnik ixtilaflarına səbəb olur və öyrənciləri o istiqamətə yönəldir- belə bir ustad arzuolunan ustad deyil.”

Qeyd edək ki, son vaxtlar İran rəsmiləri etnik məsələsindən xüsusi nigaranlıqlarını dilər gətirir. Bu, qarşıdan gələn parlament seçkiləri ərəfəsinə təsadüf edir. Son günlər də Şərqi Azərbaycan valisi də seçkilər ərəfəsində milli şüarların səsləndiriləcəyindən öz nigaranlığını bildirib.

İsmail Cabbarzadə parlament seçkiləri ərəfəsində Şəqri və Qərbi Azərbaycan və həmçinin Ərdəbil vilayətlərinin məsulları ilə görüşdə onları seçkilər zamanı diqqətli və məsuliyyətli olmağa çağırıb.

Məsulların qarşısında çıxış edən vali vurğulayıb ki, “bəziləri etnik məsələsindən su-istifadə edir. Lakin hər şey qanun çərçivəsində olmalıdır və kimsəyə əhalini aldatmaq üçün imkan yaradılmayacaq. Seçkilər ərəfəsində etnik şüarlarına qarşı ciddi tədbir alınacaq və bu məsuliyyət mərkəzi seçki komisyonun üzərinə düşür.”
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed