Şrift:
Fərəc Quliyev: - Prezidentin korrupsiyaya qarşı mübarizəsini, sahibkarlığa qarşı olan maneələrə müqavimət göstərməsini, qeyri-neft sektorunun inkişafı sahəsindəki addımlarını təqdir edirəm.
20.10.2015 [10:45] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ölkə gündəmini tamamilə dəyişib və seçki mövzusunu da arxa plana atıb. Dövlətin ən əhəmiyyətli orqanında baş verən qəfil dəyişiklik bir çox sualları ortaya çıxarıb. Hazırda əsas müzakirə mövzularından biri, toxunulmaz hesab edilən milli təhlükəsizlik nazirindən sonra prosesin istiqamətinin haraya aparacağıdır. Əksər ekspertlər iddia edirlər ki, bu sırada başqa "toxunulmazlar” da var. Hətta artıq yaxın vaxtlarda iqtidar komandasında uzaqlaşdırılacaq məmurların siyahısını hazırlayanlar da var.
İddialara görə, "cəzalılar” siyahısına aylar öncədən səlahiyyətləri bir-birinin ardınca əllərindən alınan nəqliyyat naziri Ziya Məmmədov və "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev başçılıq edir. Onların seçkilərdən dərhal sonra vəzifələrindən azad olunacaqları bir çoxları üçün artıq qəti qənaət halındadır.
Onu da qeyd edək ki, son aylarda prezidentin rüşvətxorluq və korrupsiyaya qarşı kəskin və qəti çıxışlarının şahidi oluruq. O, hökumət üzvləri ilə keçirdiyi ən son müşavirəsində sahibkarları incidən, rüşvət alan, monopoliya və korrupsiya hallarına yol verən vəzifəli məmurları xəbərdar etmiş, bununla da ictimaiyyətə ciddi bir cəza prosesinin başlayacağını anons etmişdi. Lakin çoxlarının gözlədiyinin əksinə olaraq, proses seçkidən sonraya qalmadı; ilk zərbəni də Etibar Pirverdiyev və Ziya Məmmədov almadı. Prezident hər kəsin toxunulmaz hesab etdiyi və qorxduğu ən güclü nazirdən - milli təhlükəsizlik orqanının şefi Eldar Mahmudovdan başladı.
İndi sual budur: proses başlayıb, "toxunulmazlar”dan ən qüdrətlisi getdi; bəs sırada kimdir?
Bu sual "Eldar Mahmudovun yerinə kim təyin olunacaq” sualı qədər hazırda aktualdır.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev ölkədə hər cür islahatların aparılmasının tərəfdarı olduğunu söylədi: "Parlamentdə dəfələrlə səsləndirmişəm. Mən islahatların aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, ölkədə korrupsiyaya qarşı mübarizə güclənməlidir. Kadr dəyişikliyinin bu aspektdən baş verdiyini deyə bilmərəm. Prezidentin korrupsiyaya qarşı mübarizəsini, sahibkarlığa qarşı olan maneələrə müqavimət göstərməsini, qeyri-neft sektorunun inkişafı sahəsindəki addımlarını təqdir edirəm. Baş verən kadr dəyişikliyinə şərh vermək fikrində deyiləm. Çünki bunun kökündə nələrin dayandığını bilmirəm. Prezidentin atdığı addımları davam etdirəcəyinə əminəm. Bir çox məmurların vəzifəsini itirəcəkləri gözlənilən haldır. Daha ləyaqətli, peşəkar insanların vəzifələrə gətirilmələri vacibdir”.

Xalq Xeber. Tv
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed