21.10.2015 [09:59] - Xəbərlər, Gənclik, Mədəniyyət
"Qorxan adamın hərbidə nə işi ?!"
Bu Azərbaycan Silahlı Qüvvələrinin giziri Aydın Abdullayevin
şəhidliyinin 2-ci ilidir.
Bu Azərbaycan Silahlı Qüvvələrinin giziri Aydın Abdullayevin
şəhidliyinin 2-ci ilidir.
Bizi şəhid gizir Aydın Abdullayevin atası Əmirsultan müəllim elə binanın önündəcə qarşıladı gözlərindən kədər yağan, ancaq məğrur duran şəhid atası məni və həmkarım fotoqraf Etimad Budaqovu evə dəvət etdi. Blokun girişində ciddi və cəsur baxışlı Aydınla "üz-üzə” gəldik. Blokun qarşısında qoyulmuş xatirə lövhəsinə diqqətlə baxdıqca, şəkil 23 illik ömür sahibinin həyat yolundan; həyat dolu nikbinliyi, cəsarəti, torpağa bağlılığından səssizcə danışırdı. Lakin düşmənlə üzbəüz təmas xəttində xidmət etmiş, nümunəvi xidmətə görə fəxri fərmanla təltif edilmiş sadə, nikbin, vətənpərvər Aydın Abdullayev haqqında bilmədiklərimiz çox idi. Bilmədiklərimizi də ailə üzvlərindən, yaxınlarından eşitdik.
Aydın 1990-cı ilin sentyabrın 29-u dünyaya göz açmışdı. Ailənin sonbeşiyi olan Aydın elə uşaqlıqdan iki qardaşları - Nicat və Cavaddan istər xaraktercə, istərsə də maraq dairəsi baxımından fərqlənirmiş. İdmana böyük həvəs göstərir, karate, boks, cüdo, qaydasız döyüş kimi idman növləri ilə məşğul olur, hər dəfə yarışlardan qalib kimi boynunda medal gələndə atası Əmirsultan və anası Sevil xanımın ürəyi dağa dönürdü.
"Hərdən evdə Aydını qardaşı ilə güləşdirirdim. Özündən böyük olan qardaşının da kürəyini yerə vururdu. İdmana böyük həvəsi vardı. Onun uğurları ilə fəxr edirdim". - deyə atası Əmirsultan kişi sözə başlayır. Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu olan Aydın məktəbi 4 - 5 qiymətləri ilə oxuyub, sinif yoldaşlarına, dostlarına qarşı çox diqqətcil idi.
Məktəbdən sonra gününün çox hissəsi məşqlərdə, yarışlarda keçirdi. Sinəsinə taxdığı medallarla təkcə ailəsinin deyil, qonşularının da sevgisini qazanmışdır. "Medallar cingildədikcə, o, uşaq hərəkəti ilə qürurlanır, deyirdi ki, "mənlə fəxr edin" . Həyətdə kiminsə əlində ağır sumka ilə görəndə kömək edirdi, hamıya qarşı mehriban idi". - qonşu Mahirə xanım əlavə etdi.
Bir dəfə rayonlardan birindən yarışdan qayıdan Aydının vəziyyətini görən Sevil ana özünü saxlaya bilməyib onu danlamışdı da. "Yarışda qalib gəlsə də, bir ayağı sınmışdı. Avtobusdan o vəziyyətdə düşüb evə gələndə gözlərimə inana bilmədim. Danladım. Ana kimi narahat oldum. Ancaq atası onu heç vaxt danlamayıb. O, atasının fəxri idi...." - Aydının anası Sevil xanım dilləndi.
Aydın isə bütün bunlara baxmayaraq, öz arzu və xəyallarının dalınca qaçırdı. Gələcək həyatını idmanla bağlamaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdi. Lakin Tanrının alın yazısı onu idmana deyil, hərbi sahəyə yönləndirdi. Bununla da Aydının içində gizlənmiş başqa xarakterini - ciddi və intizamlı hərbiçi dözümünü, vətənsevərliyini, hətta torpaq üçün gözünü qırpmadan şəhid olmasını üzə çıxardı.
İmtahanlardan çox da yüksək bal toplamayan Aydın sənədlərini Hərbi Akademiyaya göndərdi. Tibbi komissiyadan keçən namizədlərə, təlimə göndəriləcəyi söylənilsə də, yüzdən çox namizədin, eləcə də Aydının sənədləri geri qaytarıldı. "Getdik akademiyaya. Orada müavin zabit söylədi ki, hər il bizə Naxçıvanski adına hərbi liseyin məzunları ilə yanaşı, İnstitutdan da məzunlar gəlir, bu dəfə institudan kəsilmiş və akademiyaya qəbul olunan məzunların balları daha yüksəkdir. Dedim ki, oğlumun hərbiyə həvəsi var, idmançıdır, xeyli naliyyət əldə edib, medallar qazanıb, onu götürün. Elə valideynlər olur ki, gəlib xahiş edir, hərbidə oxuyan oğlunu ikinci-üçüncü kursdan çıxarmaq istəyir, o cür uşaqların yerinə götürün. Dedi ki, olmaz, bizə belə göstəriş var." - deyə şəhid gizirin atası Əmirsultan kişi əlavə edir.
"Onun qəhrəmanlığı Aydına çox böyük təsir etdi"
Hamı kimi Aydın da hərbi xidmətini başa vurur. Gəncədə N saylı həri hissədə xidmət edir. 2010 - cu ilin yayı Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində baş verən hadisə isə onun həyatında, fikirlərində dönüş nöqtəsi olur. Azərbaycan odrusunun giziri Mübariz İbrahimovun qəhrəmanlığı Aydın Abdullayevin içindəki Vətən sevgisini daha da alovlandırır, bu istək onu həm də illərdir, düşmən tapdağı altında qalan torpaqlara, güllə yağışlarının və təhlükənin olduğu səngərlərə çəkir.
"Mübariz İbrahimovun qəhrəmanlığı bütün ölkədə yayılmağa başlayanda, bütün ölkə bundan danışırdı. Mübarizin qəhrəmanlığı Aydına çox böyük təsir etdi. Qərara aldı ki, orduda xidmət etsin, zabit olsun." - deyə gizirin atası söylədi.
Odur ki, evin sonbeşiyi sənədlərini Suraxanı Rayon Hərbi Komissarlığına verir. Qaraheybət təlim mərkəzinə göndərilən Aydıın burada kəşfiyyatçı - snayper hazırlığı keçir. Altı aylıq təlimdən sonra onu kəşfiyyatçı - snayper kimi qaynar nöqtələrdən birinə - düşmənlə təmas xətti olan Tərtərin Qapanlı kəndinə göndərirlər.
Cəbhə xəttində gözlənilən hər an təhlükə, atəş səsləri, düşmən pusqusu; bütün bunlar hərbiçi Aydın Abdullayevi ayıq - sayıq olmağa sövq edir, işini yüksək səviyyədə görməyə həvəsləndirirdi. Onun üçün gecənin zülməti, gündüzün işığının fərqi yox idi. Hər an əmrə müntəzir hərbiçi kimi komandirlərin tapşırıqlarını yerinə yetirirdi. hər tapşırıq uğurla yerinə yetməsi onu daha çox ayıq - sayıq olmağa, düşmənin planlaşdırılan istənilən hədəfini zərərsizləşdirməyə, hərbinin sirləri yiyələnməyə məcbur etdi.
"Sakit olun, mən kəşfiyyatçıyam"
Qardaşı Cavad onun döyüş yoldaşlarının təəssüratlarından, eşitdiklərindən danışır: "Döyüş dostları deyir ki, Aydın silahını sıfırlayır, diqqətini toplayır, saatlarla səngərə uzanırdı. Bir söz deyəndə də deyirdi: Sakit olun, mən kəşfiyyatçıyam. Döyüş dostları bəzən "Adam nə qədər postda olar? - deyib yarı zarafat edəndə "Nədən qorxursunuz? Qorxan adamın hərbidə nə işi? Uzaqbaşı ölümdür" -deyə cavab verirmiş."
Atası deyir ki, məzuniyyətə gələndə də narahat idi. "Bir də görürdün ki, əsgərləri ilə söhbət edir, deyirdi bu gün atışmadır. Az qalırdı, bizi evdə qoyub çıxsın getsin. Deyirdim ki, oğul, bir neçə günlük gəlmisən, rahat dincəl,yat. O, cavab verirdi ki, ata, mən istəyirəm ora qayıdım. Uşaqlardan narahatam. Məzuniyyətdə onu evdə qardaşları dilə tutub saxlayırdı. Gələn il martın biri xidmətinin üç ili tamam olacaqdı...”— deyib qəhərlənir, oğlunun divardan asılmış şəklinə baxır. O şəkli isə Aydın xidmət etdiyi hərbi hissədə şərəf lövhəsi üçün çəkdirmişdi.
“...Bu şəkli mənə göndərmişdi, dedim, atam, bu şəklindən yenə çıxart. Elə oldu ki, həmin şəkli çıxardıb çadırına vurduq. Təzə nişanlanmışdı. Arzuları ürəyində qaldı...”— deyib atası yenidən ağlayır.
Aydının könül verdiyi qıza sürprizi
...Toy məclislərinin birində görmüşdü onu, elə ilk andan könlünü vermişdi o qıza. Könülləri barışmışdı, gənclərin. El adətiylə elçi də göndərmişdi qapılarına. Özü Bakıda olmasa da, sevdiyi qıza ad günündə sürpriz də etmək istəmişdi. “Mənə zəng edib dedi ki, anacan, qızın ad günüdür, hazırlaşın onlara gedin. Qardaşları bu məclisə yaxşı tədarük gördülər. Xalası gəlinimə brilyant üzük aldı. Apardıq qızgilə. Məzuniyyətə gələndə bu hadisədən çox sevindi. İyunun 31-i gəlnimin — Aydının nişanlısının ad günü idi. Təbrik üçün yığışıb onlara getdik. Aydın evdə məzuniyyətdə olsa da, getmədi. Soruşanda dedi ki, ana, ayıbdır, siz gedin.” — deyə Sevil ana söylədi.
Cəbhədə son ad günü
Sentyabrın 29-u—Aydının ad günü idi. Ailə başda Sevil ana olmaqla. bu günə tədarük görürdülər Qardaşları onu təbrikə birbaşa Tərtərə gedəcəkdilər. Lakin Aydın razı olmurdu. “Qardaşları getmək istəyirdi yanına. Ancaq Akuş (onu ailədə belə adlandırırdılar) umən ezamiyyətdəyəm"—deyib söhbəti dəyişirdi. Ayın 28-i nəvəmin ad günü idi. Aydının nişanlısı da bizdə idi. Onları yola salandan sonra, hazırlığa başladıq. İki qardaşı, qardaşı qaynı Tərtərə yola düşdülər. Qaynanası da yalvardı ki, biz də gələk. Aydın bunu biləndə “arvadın cəbhə bölgəsində nə işi. Yaxşı kişinin dalınca arvad gəlməz.”—deyib etiraz etdi. Nə yaxşı ki, qardaşları sonuncu dəfə gedib Aydınımı gördülər...”— deyə ana gözünün yaşını silir...
Sevil ana: “Sonuncu dəfə əllərini dodaqlarına apardı...”
Aydının şəklinə baxdıqca, Sevil ana Aydınla son görüşünü yada salır. Bu ilin avqustun 7-i oğlunu yola saldığı gün yəqin ki, heç vaxt yadından çıxmayacaq. “Bir dəfə atası ilə onu avtovağzaldan yola saldıq. Ağladığımı görüb dedi ki, səni bir də gətirməyəcəm yola salmağa. Niyə ağlayırsan? Mən hərbçiyəm, gedirəm vətəni qorumağa. Sonuncu dafə yola salanda qardaşları, atası düşdü onu yola salmağa, bu dəfə tərslikdən mən düşmədim həyətə, balkondan baxırdım. Su atmaq istəyirdim. Qonşuluqdakı dostu Aydınla getdi, dedi ki, dayı (yəni atası) əziyyət çəkməsin, atasını qoymadı yola salsm. Evdən gedəndə əlini dodaqlarına aparıb öpüş göndərdi, son dəfə sağollaşdı...”
Son dəfə məzuniyyətə gələndə hər dəfə olduğu kimi, hamı Aydının sevdiyi təamları bişirirdi. Cəbhəyə qayıdanda sovqatlan əsgərləri ilə bərabər bölürdü. O həm də düşmənə acımasız olduğu qədər, dosta açıq ürəkli idi. Qardaşı Cavad deyir ki, bir dəfə Aydın bir əsgərə xəlvətcə sovqat hazırlatmışdı. Səbəbini soruşanda Aydın demişdi: “Qoy əsgərlər arasında pis olmasın.” Bu dəfəki məzuniyyətdə isə xalası onun üçün şor qoğal bişirmişdi. Ancaq elə bil, həmin gündə bir başqa anlaşılmaz ab-hava da var idi. Sevil ana deyir: “Bacım Aydını görəndə sevindi. Bir az halva da bişirmişdi. Süfrədə halvanı görən Aydın dedi ki, xala, bu halva azdır. Çox çal. Mənim əsgərlərim ölür halva üçün. Gedib bir kilo yağ aldı. Mənə dedi ki, ana, ona toxunma ha, əsgərlərindir. Balam öz əliylə öz halvasını apardı...”
Gizir şəhidin arzusu: “Mən şəhid, qəhrəman olacağam”
Bu il oktyabrın 26-sı Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində Aydın Abdullayevin şəhid olması xəbəri təkcə, ailəsini deyil, dostlarını, hərbçi yoldaşlarını, müəllimlərini də sarsıtdı. Axı o, həyat dolu, gələcəyi qabaqda olan bir vətənsevər gənc idi...
Yəqin bu səbəbdən də, şəhidin cənazəsinin Bakıya çatdırılması günü yer-göy ağlayırdı, Aydın üçün.
O, o xoşbəxt şəhidlərdən oldu ki, çox sevdiyi və cəbhəyə apardığı üçrəngli Azərbaycan bayrağından son mənzilə gedəndə də ayrılmadı. Çox qəribədir, məzuniyyətdən qayıdanda idman ləvazimatlarıyla birgə apardığı bayraq bu dəfə cənazəsinə bükülmüşdü...
Qardaşı Cavad üçün Aydın təkcə qardaş deyil, həm də onun qürur duyduğu bir hərbçidir. “Fəxr edirəm qardaşımla. Ancaq Aydın da hələ sağ ikən qanını alan şəhidlərdəndir. Sonuncu dəfə yaxın dostuyla danışdım. Aydın həmişə döyüş dostlarına deyirmiş ki, siz mənimlə fəxr edəcəksiz. Mən şəhid qəhrəman olacam. Vaxt gələcək, deyəcəksiz ki, Aydın mənim döyüş dostum, komandirim olub."— deyə qardaşı Cavad bildirdi.
Bibisi Zahra xanımın nəsihətlərinə Aydın hər zaman bir cavab verirmiş: “Həmişə deyirdim ki, balam, özündən muğayat ol, diqqətli ol, səngərdə gizlən. O da qayıdıb dedi ki, bibi, mən gizlənən oğullardan deyiləm. Allah nə yazıbsa, onu da görəcəm...”
Ailənin yaxın dostu, Aydının mənəvi əmisi Sərvər Abbasov onun xaraktercə vətənpərvərliyindən, mərdliyindən söz açdı. Hər dəfə də danışdıqca gözləri dolurdu. Ancaq ona daha çox təsir edən səhnə isə şəhidin dəfni zamanı yaşanıb: “Döyüş yoldaşları, dostları gəlmişdilər başsağlığına. Onların hər biri Aydının necə vətənsevər və qorxmaz, qayğıkeş olmağından, qəhrəmanlığından danışırdılar. Hətta bir döyüş yoldaşı onun torpağından götürüb yedi...”
...Aydından nişanlısına tək nişanə isə xəyallarındakı anları ilə yanaşı, onun boks əlcəkləri oldu...
“Hərbçilər cənazəsini gətirəndə paltarların arasında boks əlcəklərini də verdilər. O gün nişanlısı əlcəklərini gəlib apardı. Onun qoxusunu o əlcəklərdən alırdım. Deyə bilmədim, aparma... Görən oğul dərdinə necə dözürlər, gəlib öyrətsin mənə Mübarizin atası...”— şəhid gizirin atası Əmirsultan kişi kövrəldi...
Şəhid anası: “Cənab Prezidentdən xahiş edirəm ki,....”
Gizir Aydının anası Sevil xanımın isə bundan sonra bircə arzusu var. “Mən onun üçün narahat olanda, Aydın deyirdi ki, mən canlı qəhrəmanam, anacan. Sən oğlunla fəxr elə. Ermənilər qız-gəlinlərimizin başına nə oyun açıb, kəndlərimizi viran qoyub, biz torpağımızın qisasını almalıyıq, deyirdi. Deyirdim, darıxıram, cavab verirdi ki, anaların dualarını Allah eşidir, dua elə bizlərə...
Allah heç bir anaya bala dərdi verməsin. İndi başa düşürəm ki, şəhid anaları nələr çəkir. Həyətimizdə bir şəhid anası var, mən həmişə o anaya təsəlli verirdim, deyirdim ki, səbrli olun. Şəhid anası adını daşımaq çox çətindir. Adam hər dərdə dözərmiş, bala dərdi ağırdır. Heç nə istəmirəm. Bircə istəyim var ki, dövlətimiz oğluma xidmətlərinə görə layiq olduğu adı versin. Cənab Prezidentdən, Ali Baş Komandan İlham Əliyevdən, dövlətimizdən xahiş edirəm. Oğlum vətənə bağlı uşaq idi, elə ona görə könüllü olaraq ərizə yazıb orduda xidmət etməyə yollandı...”
... Sağollaşmaq vaxtıdır, başımı qaldırıb, ani olaraq otağa nəzər salıram. Parad hərbi forması, şəkilləri divardan asılıb. Onun yoxluğuna heç kimin inanmağı gəlmir, xüsusən qardaşı qızı balaca Mehrinin. O, “Akuş” əmisinin yolunu gözləyir: “Əmim mənə oxuyan kukla alacaq...”
Ailə ilə sağollaşdıqdan sonra yaşadıqları küçənin adını soruşuram. Buralar “V massivi adlanır”— deyirlər. Həmin anda ürəyimdən bir istək keçir. Kaş ki, elə bu küçəyə gizir Aydın Abdullayevin adını verərdilər. Bu addım şəhid gizir Aydının ailəsinə bir təsəlli, Azərbaycan gəncliyinə də bir örnək — Vətən dərsi olar...
Əfsanə BAYRAMQIZI
Bu xəbər oxucular tərəfindən 1618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |