Şrift:
Sarkozinin “Paris Xartiyası”na xəyanəti və Türk Birliyinə gedən yolda ilk addım
01.02.2012 [10:43] - Gənclik
Son zamanlar baş verən bu “məsələ” Türkiyə və dolayısı ilə Türk Dünyasına qarşı atılmış bir addım olduğunu yeddidən yetmişə hamı anlayır. Bəs bunun bilərəkdən və yaxud da bilmiyərəkdən Avropa Birliyinin sonunu yaxınlaşdırdığını düşünən varmı?!
1951-ci il Paris müqaviləsi və 1957-ci il Roma müqavilələri ilə özünün “cazibə mərkəzi” olması istəqamətində Avropa məkanı ciddi uğurlara nail oldu. Və ”Azad Ticarət Zonasından “bugünki” İqtisadi Birlik və Valyuta İttifaqı” mərhələsinə gəlib çatdı. Bu isə inteqrasiyada ən yüksək mərhələ sayılır. Bundan başqa əldə olunmuş iqtisadi və siyasi uğurlar hər kəsə məlumdur. Və bu ugurların nəticəsində bir çox ölkələr “nümayiş effektinin” təsiri altında Avropa məkanını özünə inteqrasiya mərkəzi seçdi. O cümlədən də Türkiyə və Azərbaycan. Bəlkə də haqlı idilər. Axı Avroməkanda həyat səviyyəsi çox yüksəkdi, axı Fransa və Almaniya “demokratiya, insan hüquq və azadlıqları”nın keşiyindədir. Bəli bu belə də idi. Bunu Fransa Respublikasının Konstitusiyası (4 oktyabr 1958-ci il), Avropa Birliyi qanunvericiliyi və bir çox beynəlxalq sənədlər, eləcə də “Paris Xartiyası” təsbit edir. Bizim fikrimizi əsaslandırmağa “Paris Xartiyası”nın müddəaları kifayət edəcəyindən onun haqqında qısa bir arayış verək. 1990-ci il noyabrın 19-da Yeni Avropa üçün Paris Xartiyası imzalandı. Paris Xartiyasında deyilirdi: “Demokratiya öz fikrini ifadə etmə azadlığının, cəmiyyətdə bütün qruplara dözümlülük göstərilməsinin və hər bir insan üçün imkan bərabərliyinin ən yaxşı təminatıdır. Eyni zamanda xartiya hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan aşağıdakı hüquqlara malik olduğunu təsdiq edirdi (seçilmiş maddələr):
−fikir, vicdan, din və əqidə azadlığı;
−öz fikrini ifadə etmə azadlığı;
Heç kəs:
−əsassız həbsə, yaxud həbsdə saxlanmağa məruz qalmayacaq;
Mövcud müddəalara tam əməl olunması quracağımız yeni Avropanın özülüdür”.
Bir sözlə Avropa Birliyinə güvənc böyükdür. Bəs nə baş verir? Necə olur ki hansısa fərd onun bu dəyərlər sistemini alt-üst etməyə nail olur?
Mən heç də bunun kökünü erməni lobbisinin mifləşdirilmiş gücündə axtarmayacam. Türkiyənin regionda söz sahibi olmasında Avropa Birliyi və ABŞ hələ ki maraqlıdı. Bunu bölgədəki mövcud maraqlar şərtləndirir. Amma eyni zamanda da Qərbin Türkiyənin güclənməsini müəyyən hədd çərçivəsində saxlamaq marağı da aktualdı. Burda başqa bir məsələ də var: Türkiyə əhalisinin say etibarı ilə Avropa məkanında 1-ci olması və artım tempi. Bunun tam əksi isə Avropada müşahidə olunur, yəni demoqrafik vəziyyət günü-gündən pisləşməyə doğru gedir. Türkiyə Cümhuriyyəti vətəndaşlarının demək olar ki, əksəriyyəti miqrasiyada Almaniya və Fransaya üstünlük verir, bu da onları narahat eməyə bilməz. Axı Türk imiqrantların Fransaya bu tempdə axını davam etsə nə baş verə bilər? Bir özünüz nəticəni “fransızsayağı” fikirləşin.Ümüd edirəm nəticələri aid edə bildiniz. Sarkozi də görünür bu aid etdiyimiz nəticələrlə Fransa Senatını inandırmağa nail olub. Məlum “qanun” əlbəttə onlar üçün optimal bir vasitədir ki, Türk imiqrantların axının qarşısını alsın və mövcud miqrantların ölkəni tərk etməsinə təkan versin. Bununla da türklərin demoqrafik yolla Avropanı yenidən fəth etmək şansını sıfıra endirmiş olarlar. Xatırlatmaq yerinə düşər ki, Almaniyada “neofaşistlər”in ara-sıra türk imiqrantlara hücumu da bu qəbildən olan tədbirlərin tərkib hissəsidir...
Və Fransa Senatının qəbul etdiyi “qanun”un nəticəsi özünü indidən bu istiqamətdə göstərməyə başlayıb. Bunun nəticəsidir ki, başbakan Rəcəp Tayyib Ərdoğan bir daha Fransaya getməyəcəyini açıqlayır, bir çox türklər də eyni zamanda Fransa ilə bağlı planlarını təxirə salır və s. Bununla yanaşı gələcəkdə mövcud türk imiqarantlarının Fransanı kütləvi şəkildə tərk etməsi özünü göstərəcək...
Az qala bizim də yadımızdan çıxmışdı, bəs necə oldu demokratiya?! Bəs necə oldu Fransa Konstitusiyası?! Bu əsassız “qanun”, nəinki Fransa Konstitusiyasına, eləcə də “Paris Xartiyası”nın müddəalarına xəyanətdir. Xəyanətin də müəllifi Nikola Sarkozidir. Avropa Birliyini son zamanlar məşğul edən və birliyə kifayət qədər zərbə vuran maliyyə böhranına Sarkozi tərəfindən yenisi - “demokratiya böhranı” da əlavə olundu. Bəli bu Fransa xalqının və Avropa məkanının digər xalqlarının illərdən bəri formalaşdırdığı dəyərlərə böyük zərbədir. Fransa və eyni zamanda Avropa Birliyi bunun fərqinə varmalı və öz etirazını bildirməlidir. Amma hələ ki, Avropa başbilənləri susur və ya nəsə deyirlər. O dərəcədə sakit tonla ki, biz eşidə bilmirik. Bütün bu kimi ikili standartlar artıq Avropa Birliyini bir inteqrasiya mərkəzi kimi deyil, dezinteqrasiya mərkəzi kimi xarakterizə edir. Artıq bunun da nəticələri var. Gəlin nəzər yetirək, son zamanlar Avrozonada maliyyə böhranının dərinləşməsi Yunanıstan və İtaliya hökumətlərinin istefası ilə nəticələnmişdi. Ruminya və Macarıstanda artıq Avropa Birliyindən narazıçılıqlar baş qaldırıb. Xorvatiya əhalisi Avropa Birliyinə üzvlüklə bağlı keçiriləcək referenduma indidən etirazını bildirir. AB-i tərəfdaş ölkə kimi Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən 20 ildir ki işğalına heç bir ciddi reaksiya vermir. Bu kimi digər hadisələri də sadalamaq olar. Bütün bunlar AB-nin uzun müddət cazibə mərkəzi qalacağı fikirlərini alt-üst edir. Artıq AB-nin əsas aktyorlarının Türklərin şanlı tarixinə “qondarma ləkə” atmaq cəhdləri Türkiyənin bu birlikdə arzuolunan ölkə olmadığını göstərir...
Son hadisələr yeni inteqrasiya məkanının-Türk Cümhuriyyətlərinin Birliyinin(TCB) yaradılmasının nə dərəcədə vacib olduğu siqnalını verir. Bu “həyacan siqnalını” duyanlar da kifayət qədərdi. İlk addım atmağın vaxtıdı. Niyə də olmasın?! Bu birlik üçün kifayət qədər iqtisadi imkanlar da var. Xüsusilə xammal-yanacaq ehtiyyatı və aqrar məhsullar daxili tələbatı ödəyəcək səviyyədən demək olar ki, artıqdır. Yalnız qalır liderlər tərəfindən siyasi iradə ortaya qoymaq. Bütün Türk Cümhuriyyətləri arasında “imtiyazlı ticarət haqqında saziş” imzalanmalı,bu mərhələdə isə həmin ölkələrdə paralel olaraq milli özünüdərk, elmi-texniki tərəqqi və demokratiya istiqamətində ciddi addımlar atılmalıdır. Bu bizim Türk Birliyinə gedən yolda ilk addımımız olacaq!

Alı Adıgözəl
Bu xəbər oxucular tərəfindən 2072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed