Şrift:
Allahşükür Paşazadə: İslamın mahiyyəti qərəzli şəkildə təhrif edilir
23.10.2015 [10:57] - Gündəm, İslam dini
“Bu gün dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremist, fundamentalist kimi qələmə vermək cəhdlərinin davam etməsi bizi dərindən narahat edir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində “XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri” mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransda çıxışı zaman deyib.

A.Paşazadə vurğulayıb ki, İslamın mahiyyəti qərəzli şəkildə təhrif edilir: “Biz güya din uğrunda vuruşan İŞID və ona bənzər terrorist təşkilatları, təkfirçiləri, İslamı öz üzdəniraq məqsədləri üçün alət etməyə çalışan bütün qüvvələri qətiyyətlə pisləyirik. Birmənalı deməliyəm: İŞID müsəlman aləmini içəridən parçalamaq, Yaxın və Orta Şərqin tarixi mirasını, İslam mədəniyyətini yox etmək üçün İslam düşmənləri tərəfindən yaradılmış bir törəmədir. Bugün biz bəzi Avropa dövlətlərində öz vətənlərinin daxili işlərinə kobud müdaxilələr nəticəsində yurdlarını tərk etməyə məcbur qalan mühacirlərə qarşı nümayiş etdirilən qeyri-humanist münasibətinin şahidi oluruq”.

QMİ sədri bildirib ki, bu gün bəzi xarici və daxili qüvvələrin dini fanatizmi, ekstremizmi yaymaq cəhdlərinə, onların istilaçı planlarına, fiziki və mənəvi təcavüzlərinə qarşı durmaq, terrorçuların növbəti hədəf olaraq gördükləri məkanımızda istiqrarı sarsmağa yönəldilmiş planlarını önləyici tədbirlərlə pozmaq olduqca mühümdür: “Bu baxımdan biz Rusiyanın beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizəni, “İslam dövləti” adı altında çıxış edən, lakin öz əməlləri ilə İslam dinimizə ləkə gətirməyə, İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq, vandalizmlə eyniləşdirməyə çalışan bu şər qüvvəyə qarşı atdığı addımları dəstəkləyirik. Mən əminəm ki, ekstremizmə, radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini müəssisələrin birgə səyləri ilə qarşı durmaq mümkündür. Bütün bunların bizim məkanımızdakı sülhə xələl gətirməsi bizi narahat etməyə bilməz. Bununla əlaqədar mən Sovet dövlətinin dağılmasına yol açan konfliktləri, bütün postsovet məkanında millətlərarası qarşıdurmaları, o cümlədən, Qarabağ qarşıdurmasını yada salmaya bilmərəm. Biz hesab edirik ki, bizim məkanda mövcud olan bütün konfliktlər sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri və normaları əsasında həll olunmalıdır”.

A.Paşazadə qeyd edib ki, son illər ərzində MDB dövlətlərində dini xadimlərin sırasına öz müsəlman həmvətənlərini qayğılandıran müxtəlif məsələlərlə bağlı xalqlarımızın mənafelərinə cavab verən fətvalar verməyə qadir olan yüksək təhsilli xadimlər qoşulublar: “Biz yad yerlərdən, xaricdən gələn fətva və möizələri qəbul etmirik. Başlıca vəzifəmiz hər bir müsəlmanın qəlbinə yol tapıb İslam dininin həqiqi dəyərlərini bərqərar etməkdən ibarətdir”.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed