Şrift:
Dövlətçilik və təhlükəsizliklə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər
27.10.2015 [11:05] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin dövlətçilik və təhlükəsizliklə bağlı səsləndirdiyi təkliflərdən 8-ni seçib təqdim edirik:



Dövlətçiliklə bağlı təkliflər:

ADR parlament və hökumət üzvlərinin xatirəsinə abidə kompleksinin qoyulması təklifi
- Müstəqillik aktı qəbul edilməklə 1918-1920-ci illərdə mövcud olmuş ADR-in varisliyi təmin edildi. Mən o dövrdəki parlament və hökumət üzvlərinin xatirəsinə abidə kompleksinin qoyulması təşəbbüsü ilə çıxış edirəm.
(Hələlik həyata keçirilməyib)

***

İstiqlalçı deputatların sosial təminatı təklifi
- İstiqlalçı deputatlar arasında yaşlı və xəstələr, təqaüdünün artırılmasına ehtiyacı olanlar var. Bu insanlara imtiyazlar verilməsi, məsələn, avtomobillərin verilməsi, xüsusi təqaüdün ayrılması çox vacib addımlar olardı. Axı onlara münasibət fərdi mahiyyət daşımır. Siqnator deputatlar məhz burada-bu salonda müstəqillik uğrunda ciddi fədakarlıqlar göstəriblər.
(Hələlik həyata keçirilməyib)

***

Milli Məclisin Ehtiyat Fondunun yaradılması təklifi
(2 dəfə irəli sürülüb)
- Müəyyən layihələr olur, əlavə işlər ortaya çıxır və bunu yerinə yetirmək lazımdır. Bununla bağlı təklif edirəm ki, Milli Məclisin Ehtiyat Fondu yaradılsın.
(Hələlik həyata keçirilməyib)

***

Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi təklifi
- Keçmiş prezident, Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsi məsələsi qaldırılsın.
(Hələlik həyata keçirilməyib)

***

“Müstəqilliyi Günü"-nün qeyri iş günü olması təklifi
(2 dəfə təklif edilib)
-"18 oktyabr - Dövlət Müstəqilliyi Günü"-nü qeyri iş günü kimi qəbul olunsun.
(Hələlik həyata keçirilməyib)

***

İstiqlalçı deputatların sosial təminatıyla bağlı ikinci təklif
- SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş deputatlar olub ki, onların içində mərhum prezident Heydər Əliyev də olub. İndi o deputatlardan bir çoxunun vəziyyəti çox pisdir, ağır xəstəliklərə düçar olubdular. Onların maddi təminatında problem var. Mən xahiş edərdim ki, Milli Məclisin rəhbərliyi keçmiş kolleqalarımızın da haqqında düşünsünlər. Xəstə olanlara diqqət göstərmək, onların təqaüdləri ilə bağlı bir qərar qəbul eləməyin zamanı çatıbdır.
(Hələlik həyata keçirilməyib)

***

Türkmənçay müqaviləsinin qüvvəsini itirdiyini tanımaqla bağlı təklif
- Biz Türkmənçay müqaviləsinin qüvvəsini itirdiyini tanımaqla, bunun hüquqi nəticələri kimi həm də bu müqaviləyə görə Çar Rusiyasına verilmiş İrəvan xanlığının məsələsini və “böyuk qayıdışı” gündəmə gətirmiş olarıq.
(Hələlik həyata keçirilməyib)

***


Təhlükəsizliklə bağlı təkliflər:

Naxçıvan Muxtar respublikasının ərzaq təhlükəsizliyi ilə bağlı təklif
- Naxçıvan istehlak mallarının bir qismini İrandan alır və artıq İranda yaranan durum həm Naxçıvana gətirilən istehlak mallarının miqdarına, həm də qiymətlərinə əhəmiyyətli təsir edib. Naxçıvanda bir neçə meyvə-tərəvəz emalı zavodunun, soyuducu anbarların təcili tikilməsi labüddür. Əvvəla İranla bağlı hər hansı fors-major vəziyyətdə oradan istehlak məhsulları alınmaya bilər, qıtlıq yaranar.
ikinci - Naxçıvan aqrar bölgədir insanlar məhsulunu sata bilmirsə, onun istehsalında sözsüz ki, maraqlı olmayacaq. Belə olanda yaşayış səviyyəsi aşağı düşəcək. Yaşayış səviyyəsi aşağı olarsa, iş qabiliyətli əhali köçmək məcburiyyətində qalar. Emal zavodları tikilərsə, həm iş yerləri açılar, həm məhsul istehsalına maraq olar, kənd təsərrüfatı inkişaf edər, bölgənin ərzaq təhlükəsizliyi təmin olunar və istehlak malları üçün valyutamiz kənara axmaz.
(Qismən həyata keçirilib)
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed