Şrift:
Məzahir Pənahov: Şəffaf seçkilərin keçirilməsi üçün çox böyük imkan yaradılıb
01.11.2015 [08:36] - Gündəm, Sosial
Bu gün Azərbaycan xalqı V çağırış Milli Məclisi formalaşdıracaq. 5 milyon 200 minə qədər seciçi üçün bütün şərait yaradılıb. Azərbaycanın bütün seçki məntəqələri parlament seçkilərinə tam hazırdır. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkilərdə 767 namizəd iştirak edir: "Hesab edirəm ki, bu, böyük göstəricidir. Seçkiləri izləmək üçün ümumilikdə 60 mindən çox müşahidəçi qeydiyyatdan keçib".

M.Pənahov deyib ki, şəffaf seçkilərin keçirilməsi üçün çox böyük imkan yaradılıb: "Seçkiləri dünyanın istənilən yerindən müşahidə etmək mümkün olacaq. Seçkiləri izləmək üçün 1000 seçki məntəqəsində veb kameralar quraşıdırılıb. Seçicilərin səs verməsi üçün ölkədə ictimai-siyasi stabillik mövcuddur. Həm ictimai-siyasi sabitlik, həm də Azərbaycan cəmiyyətinin seçkilərə münasibəti bizə deməyə imkan verir seçkilər şəffaf və azad keçiriləcək".

MSK sədri heab edir ki, seçicilər səsvermədə fəal iştirak edəcəklər. M.Pənahov bildirib ki, seçkilərdə 4 “exit poll” keçiriləcək: “Seçiciləri “exit poll”da fəal iştirak etməyə dəvət edirəm”.

M.Pənahov deyib ki, müşahidəçilərin müəyyən hüquqları var: "Onları heç kim tapdalaya bilməz. Müşahidəçilər üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Ancaq müşahidəçilərin seçki komissiyalarının işinə qarışmaq hüququ yoxdur. Müşahidəçilər ancaq qeydiyyat apara və əgər xoşagəlməz hallar olarsa, onu qeyd edərək seçki komissiyalarına məlumat verməlidir".

MSK sədri əlavə edib ki, bu gün gecə saat 00:00-dan sonra parlament seçkiləri ilə bağlı ilkin məlumatlar əldə etmək mümkün olacaq: "Ancaq bu, rəsmi nəticə hesab olunmayacaq. İki gün müddətində məntəqələrdən dairələrə və dairələrdən də Mərkəzi Seçki Komissiyasına seçki protokollarının daxil olması başa çatır. Bütün proses həm yerlərdə, həm də MSK-da protokolların sayılması müşahidəçilərin və KİV-in iştirakı ilə həyata keçiriləcək".
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed