Şrift:
İranın nüvə proqramı: “Səbəblər və nəticələr”
01.02.2012 [17:37] - Güney Azərbaycan-Təbriz
Dünyanın gündəmində olan əsasə məsələlərdən biri də İranın nüvə proqramıdır. XX-ci əsrin 70-ci illərindən başlayaraq İran nüvə təsisatını inşa etməyə başladı. Uzun müddət nüvə proqramından bir nəticə əldə edə bilməyən və atom enerjisi ilə bağlı layihələri yarımçıq qalan İran son illər yenidən bu sahədə fəaliyyətini davam etdirir.

İranın nüvə proqramının tarixçəsi

İranın nüvə proqramı Pəhləvilər hakimiyyətindən başlayaraq bu günədək davam etməkdədir. Bu sahə üzrə ilk çalışmalar 1957-ci ildə həyata keçirilib. İran 1958-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) üzv oldu. 1974-cü ildə İran Atom Enerjisi Təşkilatı yaradıldı. Elə həmin il Buşəhr Atom-Elektrik Stansiyasının inşa edilməsi ilə bağlı İran Almaniyanın “Kraft” şirkəti ilə müqavilə imzaladı. Stansiyanın inşasına 1975-ci ildə başlanıldı. İran bu sahədə fəaliyyətinə dair nüvə proqramı tərtib etdi. 20 illik dövrü əhatə edən proqramın hədəfinə görə 20 il ərzində dövlət 22 atom-elektrik stansiyası inşa edəcək və 3000 meqavat elektrik istehsal edəcəkdi. Lakin 1979-cu ildə baş verən inqilab nüvə proqramının yarımçıq qalmasına səbəb oldu və bu sahədə olan bütün fəaliyyət tamamilə dayandırıldı. İranda islam inqilabınının müəmmalı qələbəsindən sonra Qərb bu ölkədə atom-elektrik stansiyalarının inşasından geri çəkildi. Daha sonra başlayan İran-İraq müharibəsi demək olar ki, nüvə fəaliyyətinin bərpa edilməsinə əngəl yaratdı. Lakin 1994-cü ildə İran bir rus şirkəti ilə müqavilə bağlayaraq yenidən nüvə proqramını davam etdirdi. Müqaviləyə əsasən, proqram on il müddətinə başa çatmalı idi. Ancaq hələ də bir nəticə əldə edilməyib.
Qeyd: Yeri gəlmişkən, 2011-ci il martın 4-də İran və ABŞ arasında atom enerjisindən sülh məqsədləri üçün istifadəsinə dair 11 maddədən ibarət müqavilə imzalanıb.

İranın Qərb və ABŞ düşmənçiliyinin kök atmasının səbəbləri

İslam inqilabından sonra İran ABŞ-a qarşı düşmənçiliiyni ideoloji və praktiki şəkildə davam etdirdi. Xomeyni və tərəfdarları özlərini anti-imperialist kimi cəmiyyətə təqdim edərək Avropanı, xüsusilə də ABŞ-ı hər vasitə ilə ictimaiyyətin gözündən salmağa çalışdılar. Yeni yaradılan islam hökumətini dünyanın ən pak və ədalətli dövləti kimi təqdim edərək Qərbi kafir elan etməyə başladılar. Xomeyni bütün çıxışlarında ABŞ və Qərbi pisləyir, “Ölüm olsun Amerikaya, İsrailə, İngiltərəyə!” kimi şüarlar səsləndirir, dünyada yaşayan müsəlmanların bütün problemlərini bu ölkələrə bağlayırdı. İranda fəaliyyət göstərən demokratik və mübariz inqilabçı qüvvələr Xomeyni və tərəfdarları tərəfindən Qərb ölkələrinə, xüsusilə də İsrail və ABŞ-la əməkdaşlıq etməkdə təqsirləndirilərək həbs olundu, edam edildi. Davamlı təzyiqlərin nəticəsində onların bir çoxu ölkəni tərk etmək məcburiyyətində qaldı. Tədricən demokratik qüvvələr siyasi səhnədən tamamilə silindi. İranın Qərb dünyasına mənfi münasibəti öz əks-sədasını tapdı. Belə olduğu halda Avropa ölkələri İranı özlərinə qarşı ciddi təhdid kimi görməyə başladılar. İndiyədək bu ölkənin cahil diplomatiyasının nəticəsi olaraq hər iki tərəf arasında düşmənçilik davam edir. Beynəlxalq hüquq normalarına əməl etməyən İran tədricən dünya ictimaiyyətindən təcrid edildi.

İranın nüvə proqramı və beynəlxalq ictimaiyyət

Avtoritar İran hökuməti özünü islam dövləti kimi dünyaya tədqim edir və dini hakimiyyəti əbədi olaraq qəbul edir. Odur ki, rejim əbədiliyini təmin etmək üçün əsas vasitə kimi nüvə silahının əldə edilməsini görür. İranın nüvə silahı istehsal edəcəyi təqdirdə onu təhdid kimi və ya lazım gəldiyində düşmənlərinə qarşı istifadə edəcəyinə heç bir şübhə yoxdur. İranın nüvə silahı istehsal etməyə cəhd göstərməsi 2002-ci ildə aşkarlandı. Məhəmməd Xatəminin prezidentliyi dövründə beynəlxlaq təzyiqlər nəticəsində İran AEBA-nın protokoluna imza ataraq nüvə proqramını dayandırsa da, Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsi ilə həmin müqavilə birtərəfli pozuldu və uranın 20 faiz zənginləşdirilməsinə başlanıldı. AEBA nümayəndələri Qərbin casusları adlandırılaraq nüvə təsisatına yaxın buraxılmadı. Nəticədə BMT tərəfindən indiyədək İran əleyhinə 6 qətnamə qəbul edilib və İrandan uranın zənginləşdirilməsini dayandırması tələb edilib. Bütün tələblərə və təzyiqlərə baxmayaraq, hələ də İran BMT və digər beynəlxalq təşkilatların qanunlarını pozmağa davam edir.
Ekspertlərin fikrincə, uranın 20 faiz zənginləşdirilməsi atom bombasının istehsalında istifadə edilir. Lakin İran nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edəcəyini açıqlayaraq dünya ictimaiyyətini aldadır. İranın beynəlxalq təşkilatlara nüvə təsisatı ilə yaxından tanış olmalarına və nəzarət etmələrinə izn verməməsi bunu deməyə əsas verir. Eləcə də son zamanlar Qum şəhərinin yaxınlığındakı dağın içərisindəki “Fordo” adlı gizli nüvə təsisatının aşkarlanması nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğuna şübhəni daha da artırdı.

İran rejimi atom silahını nə zaman əldə edəcək?

Bir çox ekspertlərin fikrincə, İranda atom silahı istehsal etmək üçün yetərli texnologiya yoxdur və İran hələlik bu texnologiyanı əldə etməyə çalışır. Lakin başqa fikirdə olanlar da var. Digər ekspertlər isə bildirirlər ki, uran 20 faiz zənginləşdirilərsə və kifayət qədər nüvə yanacağı əldə edilərsə, nüvə silahının istehsalı üçün uzun müddət lazım olmayacaq. Hətta 2-3 ay ərzində İranın məqsədinə nail ola biləcəyi də bildirilir. AEBA-nın son hesabatına görə, İran laboratoriya səviyyəsində uranın zənginləşdirilməsinə başlayıb. Bu isə İranın nüvə silahının istehsalına yaxınlaşdığını göstərir. Lakin dəqiq nə vaxt baş verəcəyi isə hələlik məlum deyil.

Sonda qalib kim olacaq?

İran və beynəlxalq ictimaiyyət arasında gərginlik artmaqdadır. İrana neft sanksiyasının tətbiq edilməsi, buna qarşılıq İranın Hörmüz boğazını bağlamaq təhdidi vəziyyəti bir qədər də gərginləşdirdi. Görünür ki, hər iki tərəf də öz mövqeyində qətidir. İranın hədəfi nüvə silahını əldə etmək, dünya ictimaiyyətinin əsas məqsədi isə bunun qarşısını almaqdır. Hadisələrin gedişatı bu gərginliyin iki nəticəsindən xəbər verir: Birincisi, İranın nüvə silahı əldə edib, ondan öz siyasi məqsədlərini həyata keçirmək, ikincisi isə beynəlxalq ictimaiyyətin təzyiqi ilə rejimi zəiflədərək İran iqtisadiyyatını iflic vəziyyətinə salmaq. İkinci nəticə bu ölkənin nüvə proqramının dayandırmaq və rejimi devirmək məqsədi daşıyır.
İranın nüvə siahı əldə etmək üçün ciddi cəhdləri məlumdur. Ömrünü uzatmağa çalışan rejimin nüvə silahını özünün sığortası kimi ölkə daxilinə və dünya ictimaiyyətinə qarşı istifadə edəcəyi şübhə doğurmur. Odur ki, İranın nüvə silahı əldə edəcəyi təqdirdə dünyanı hansı təhlükələrin gözlədiyini təsəvvür etmək çətin deyil. Bu məsələnin başqa bir nümunəsini Şimali Koreyanın timsalında görmək olar. Odur ki, rejimin xeyrinə nəticələnən halda siyasi yarışın qalibi İran olacaq və uduzan tərəf bu ölkənin coğrafiyasında yaşayan millətlər və bütün cəhdləri boşa çıxan beynəlxalq ictimaiyyət olacaq. Belə bir sonluq beynəlxalq aləmdə mövcud olan sistematik əlaqələrin və dünya düzəninin pozulması deməkdir. Həmçinin bölgədə nüvə silahı istehsal etməkdə rəqabətin yaranmasına, Qərbin və İrana qonşu ölkələrin ciddi təhlükəsizlik problemlərinin yaranmasına səbəb ola bilər. Lakin bu yuxarıda qeyd edilən iki nəticədən biridir. Əlbəttə ki, məsələni başqa bir sonluqla yekunlaşmaq ehtimalı da var.

Bu problem öz həllini necə tapa bilər?

Bir az əvvəl də qeyd etdiyimiz kimi, İran nüvə silahı əldə etdiyi təqdirdə, bunu dünyaya qarşı təhdid kartı kimi də istifadə edə bilər. Digər tərəfdən, bu, ölkə daxilində demokratikləşmənin və islahatların aparılmasının da qarşısını alacaq. Yarana biləcək bu kimi təhlükələri nəzərə alan beynəlxalq ictimaiyyət müxtəlif yollarla İranın nüvə proqramının dayandırılmasına çalışır. Ekspertlərin və siyasətçilərin fikrincə, İranın nüvə proqramını dayandırmaq üçün əsasən üç istiqamətdə siyasət yürüdülməlidir: sanksiyaların sərtləşdirilməsi, İranın müzakirələrə razı salınması, uranın zənginləşdirilməsinin dayandırılması. Əgər sadalanan siyasət ardıcıl davam etdirilərsə, uğurlu nəticə əldə etmək olar. Lakin son günlər sanksiyaların daha da sərtləşdirlməsi ilə ilk mərhələ həyata keçirilsə də, İran nəinki müzakirələrə razılaşmır, hətta müharibə xarakterli mesajlar da verir. Halbuki İranın belə bir mövqe seçməklə ağır iqtisadi böhranla üzləşəcəyi istisna edilmir. Digər tərəfdən, İrana qarşı hərbi müdaxilə edilməsi də zaman-zaman gündəmə gətirilir. İranın nüvə təsisatını bombalanması fikri səsləndirilsə də, hələlik heç bir tərəf müharibə üçün qəti mövqe nümayiş etdirmir.
Problemin başqa bir həll yolu isə rejimin dəyişdirilməsidir. Tək nüvə proqramı ilə deyil, digər məsələrlə bağlı da İran beynəlxaıq ictimaiyyətin təzyiqi ilə üzləşir. Xüsusilə də insan haqlarının pozulması, söz azadlığının ciddi şəkildə məhdudlaşdırılması, cəmiyyətin dünyadan təcrid edilməsi, avtoritar hakimiyyətin idarəçiliyi və s. Daxildə hökumətin yürütdüyü anti-demokratik siyasət nəticəsində hakimiyyətdən narazı olanların sayı artmaqdadır. Xüsusilə də İranda yaşayan beş etnik qrup hər zaman hakimiyyətin təzyiqi ilə üzləşir. Odur ki, İranın nüvə proqramı ilə mübarizədə bu kimi amillərin də nəzərə alınması nəticəyə təsir edə bilər. Bu səbəbdən də beynəlxalq aləmin hakimiyyətdən narazı və ona qarşı mübarizə aparan siyası hərəkatları dəstəkləməsi rejimin devrilməsi üçün faydalı ola bilər. Belə olduğu təqdirdə dünya üçün böyük bir təhlükə aradan qalxar, bu ölkədə yaşayan millətlərin azadlığa qovuşması üçün şəratit yaranar və bölgədə sülhün təmin edilməsi mümkün olar.
Güney Azərbaycan Milli Hərəkat fəalı
Elçin HATƏMİ
Bu xəbər oxucular tərəfindən 1517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed