Şrift:
İranda daha 2 jurnalist tutulub
05.11.2015 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az İnform.az-a istinadən xəbər verir ki, noyabrın 3-də İranda islahat meyilli media orqanları ilə əməkdaşlıq edən daha iki jurnalist, Saman Səfərzayi və Afərin Çitsaz tutulub.
Hər iki jurnalistin həbsi “Sepah”ın Qərbin ölkəyə nüfuz yollarını hamarlayan, Amerika və Böyük Britaniyaya bağlı olduğu iddia edilən bir qrup media işçisini tutduqları haqda yaydığı bəyanatından bir neçə saat sonraya təsadüf edib. “Sepah” bildirib ki, tutulanlar bu iki ölkənin nüfuz şəbəkəsinin üzvləri olublar.

“Sepah” qüvvələri, islahatçı dairələrə, eləcə də prezident Həsən Ruhani hökumətinə və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaniyə yaxın olan “Əndişeyi puya” jurnalının əməkdaşı Saman Səfərzayi və “İran” qəzetinin köşə yazarı, jurnalist və aktrisa Afərin Çitsazı noyabrın 3-də tutub naməlum istiqamətdə aparıblar. Tutulan jurnaslistlər işlədikləri media orqanlarında daha çox xarici siyasət və beynəlxalq məsələlər mövzusunda yazılar dərc edirdilər.

İranda jurnalistlərin kütləvi həbsinə başlanılmasının səbəbi barədə müxtəlif fikirlər olsa da, islahatçılara yaxın media işçilərinə göstərilən təzyiqlər, 2016-cı ilin martında ölkə parlamentinə keçirtiləcək seçkilərlə əlaqələndirilir.

Xatırladaq ki, iki gün əvvəl İranda islahat tərəfdarı olan daha 2 jurnalist tutulub. “Sepah” qüvvələri noyabrın 2-də tanınmış jurnalist İsa Səhərxizi noyabrın 2-si sübh saatlarında şəxsi mənzilində tutublar. Həmin gün islahatçı “Fərhixteqan” qəzetinin məsul müdiri Ehsan Mazəndərani ETTELAAT məmurları tərəfindən tutularaq Tehranın Evin zindanına köçürülüb.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed