Şrift:
İran televiziyasının türkləri təhqir etməsi xəbəri xarici mətbuatda
10.11.2015 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 6-da İran telekanalının “Fitilə” proqramında türklərin təhqir edilməsi xarici mətbuatın da diqqətini çəkib.
Səudiyyə Ərəbistanına bağlı “Ələrəbiyyə” xəbər agentliyi “İranda Azərbaycan türk fəalları Teleradio Şirkətinə (səda və sima) qarşı kütləvi etirazlara çağırış ediblər” başlıqlı xəbər dərc edib. Xəbərdə bildirilir ki, “İran İslam Cümhuriyyətinin “Kanal 2” televiziyasında yayımlanan “Fitilə” proqramında Azərbaycan türkləri təhqir olunub. Azərbaycanın siyasi və mədəni fəalları sosial şəbəkələrdə, noyabrın 8-də Azərbaycanın bütün şəhərlərində keçiriləcək dinc yürüşə çağırış ediblər.”

Xəbər agentliyi televiziyanın yaydığı təhqiramiz proqrama Azərbaycan fəallarının reaksiyası barədə də məlumat yayıb və mövzu ilə bağlı azərbaycanlı siyasi fəal xanım Simin Səbridən bir müsahibə götürüb.

Həmçinin bu xəbər bir Türkiyə Telekanalında da işıqlandırılıb. Telekanal mövzu ilə bağlı GAMOH başqanı Dr.Mahmudəli Çöhrəqanidən bir müsahibə götürüb və İran televiziyasının irqçi hərəkəti və türklərə qarşı inanılmaz təhqiri barədə geniş məlumat yayıb.

Təhqiramiz “Fitilə” proqramı “Amerikanın Səsi”nin də diqqətini çəkib. Mətbu orqanın saytında İranda türklərin təhqir edilməsi, Teleradio Şirkətinin qeyri səmimi bir şəkildə üzr istəməsi və Azərbaycan türklərinin qərəzli olaraq “Azəri” adlandırılması barədə xəbər dərc olunub.

Qeyd edək ki, Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed