Şrift:
Məlikanda daha 2 azərbaycanlı fəal tutulub
13.11.2015 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəallar Səccad və Fərdin Əfruziyan tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları noyabrın 10-u axşam saatlarında fəallar Səccad və Fərdin Əfruziyanın Məlik kəndindəki (Mələkan) mənzilinə hücum edərək onları tutub aparıblar. Onların hazırda ETTELAAT-ın Təbrizdəki idarəsində saxlandığı bildirilir.

Fəalların ailələrinin bildirdiyinə görə, onlar milli zəmində apardıqları dinc fəaliyyətə görə bundan əvvəl dəfələrlə təhdid edilmişdi. Yayılan məlumatlara əsasən hər iki fəal tutulmazdan əvvəl irqçılığa qarşı dinc aksiya keçirməyə icazə almaq üçün Məlik kəndinin fərmandarlığına üz tutmuşdular. Lakin onlara aksiya keçirmək icazəsi verilməmişdi. Tutulan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed