Şrift:
Güney Azərbaycan Xəbərləri
03.02.2012 [12:33] - Gündəm
Urmu Gölü ilə bağlı mahnı səsləndirən soydaşlarımızın məhkəmə iclası keçirilib

Güney Azərbaycan Xəbərləri





Təbrizin inqilab məhkəməsində 4 nəfər soydaşımız toy mərasimində Urmu Gölünün quruması haqda səsləndirdikləri mahnıya görə mühakimə olunublar.Güney Azərbaycanın milli azadlıq hərəkatının tanınmış siması və bəstəkar Həsən Dəmirçi, onu Azərbaycan dilində mahnılar səsləndirmək üçün toyuna dəvət edən bəy - Əlirza Hüseynzadə və adları hələlik bilinməyən operator və şadlıq sarayının sahibi fevralın 1-də mühakimə olunublar.Hələlik məhkəmənin nə qərar çıxardığı haqda məlumat yoxdur.Soydaşlarımız sözü gedən mahnıya görə İran İslam Cümhuriyyətinə qarşı təbliğat aparmaqda suçlanıblar.


Səid Nəimi 2 il həbsə məhkum edildi, Səid Muğanlı isə ittihamdan Bəraət qazandı


Güney Azərbaycan Xəbərləri





Tanınmış azərbaycanlı fəallar Səid Nəimi və Səid Muğanlı (Beytullah Məhəmmədi) barəsində məhkəmə qərarı çıxarılıb. Qərara əsasən Səid Nəimi 2 il azadlıqdan məhrum edilib. Daha öncə Təbrizin inqilab məhkəməsində mühakimə olunan Nəimi, Azərbaycan Respublikasının Kəşfiyyat Sisteminin xeyirinə casusluq ittihamına görə 1 il və İslam Cümhuriyyəti sisteminin əleyhinə təbliğ ittihamına görə daha 1 il azadlıqdan məhrum edilib. Bununlada Nəimi 2 il həbsə məhkum edilib.Səid Muğanlı (Beytullah Məhəmmədi) qeyri-məşru yolla mal-dövlət əldə etmək ittihamından bəraət qazanıb.Qeyd edək ki, Səid Muğanlı Təbrizin ümumi məhkəməsinin 105-ci şöbəsində mühakimə olunub.


Azərbaycanlı fəalı yaxalamağa gələn ETTELAAT məmurları evdə axtarış aparıblar

Güney Azərbaycan Xəbərləri





Bu gün Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məmurları azərbaycanlı fəal Məhəmməd Rəşidini (Oktay) yaxalamaq istəyiblər.

Məmurlar azərbaycanlı fəalı yaxalamaq üçün hökm göstəriblər. lakin, Rəşidi evdə olmadığı üçün məmurlar onu yaxalamağa nail olmayıblar.

Azərbaycanlı fəalın Təbrizin Abbasi məhəlləsində yerləşən ata evinə müraciət edən məmurlar, ailə üzvlərinə qarşı kobud hərəkətlərə yol veriblər.

Evdə axtarış aparan ETTELAAT məmurları azərbaycanlı fəala aid kompüter, kitab, əlyazmalar və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar.


Azərbaycan Milli fəalı İbrahim Rəşidi (Savalan ) aclıq aksiyasını davam etdirir

Güney Azərbaycan Xəbərləri






Ötən ayın 24 –də qanunsuz tutuqlanan Azərbaycan Milli fəalı İbrahim Rəşidi (Savalan ) ona qarşı edilən qanunsuzlara etiraz olaraq 9 gündür aclıq aksiyasını davam etdirir. Milli fəalımız Güney Azərbaycanın Meşkin şəhərində Ettalaat məmurları tərəfindən məhkəmə cəlbi olmadan qanunsuz tutuqlanıb.
Qeyd edək ki, İbrahim Savalanla eyni zamanda ayrı-ayrı şəhərlərdə həbs olunan Milli fəallar Təbrizin Ettalaat idarəsinin təkadamlıq təcridxanalarına yerləşdirilsələr də onlar haqda ailələrinə heç bir bilgi verilməyib. Ailələri onların sağlıq durumundan nigarandırlar.



Təbrizdə10 azərbaycanlı fəal azadlıqdan məhrum edilib

Güney Azərbaycan Xəbərləri





Təbrizdə 10 azərbaycanlı fəal barəsində məhkəmə qərar çıxarıb. Fəallar asayişi pozmaqda, dövlətin əleyhinə təbliğat aparmaqda, hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilən Əkbər Mühacəri, Məhəmmədrza Bəxşi Xacə, Rəhim Əli Rzayi, Şərham Dadaşi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bayraqdar, Əsgər Ağayi və başqa 2 fəalın işinə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində baxılıb. Mühakimə edilən azərbaycanlı fəalların hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 10 fəal azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə Təbrizin Qumtəpə məhəlləsində bəyanat yaydıqları üçün “Bəsic” könüllüləri tərəfindən həbs ediliblər.


Tehranda 800 tələbə etiraz aksiyası keçirib

Güney Azərbaycan Xəbərləri





İranın paytaxtı Tehran şəhərində 800 tələbə etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, İranın müxtəlif ali məktəblərinin hüquq fakultəsini bitirən tələbələr vəkil adı qazanmaq üçün Müdafiəçi Vəkillər Cəmiyyətində imtahan veriblər. İmtahan nəticələrindən narazı qalan 800 tələbə 2012-ci il fevralın 1-də təşkilatın binası önündə piket keçirərək imtahanın nəticələrinin ləvğini tələb ediblər.
Hələlik Müdafiəçi Vəkillər Cəmiyyəti tərəfindən tələbələrin etirazına münasibət bildirilməyib.




Merkel: Çin, İran Üzərində Təsirini İstifadə Etməlidir


Güney Azərbaycan Xəbərləri




Almaniya Baş naziri Angela Merkel, Pekin ziyarətində İran mövzusunda mesajlar verdi .
Merkel, İranın dartışmalı nüvə proqramından imtina etməsi üçün Çin rəhbərliyinin Tehran üzərində təsirindən istifadə edə biləcəyini söylədi.
Almaniya Baş naziri Angela Merkel, Pekin təmaslarının ilk günündə, Çin İctimai Elmlər Akademiyasında çıxış etdi .
Çin rəhbərliyindən İran üzərində təsirindən istifadə etməsini istəyən Merkel, bunun Tehran rəhbərliyini mübahiseli nüvə proqramı mövzusunda "şəffaf" və "dialoqa açıq olmağa" istiqamətləndirə biləcəyini qeyd etdi.
Merkel, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün beynəlxalq cəmiyyətin dəqiq addımlar verməsinin lazım olduğunu vurğuladı. Almaniya Baş naziri, BM Təhlükəsizlik Şurasında irana qarşı yeni bir qərar qanunu üçün də Çin rəhbərliyinin dəstəyini istədi.
BM Təhlükəsizlik Şurasının daimi üzvü olan və veto haqqına sahib olan Çin, iqtisadi əlaqələriylə də İran üzərində böyük təsirə sahibdir. İxracat gəlirlərinin yüzdə 80-ini neft satışından əldə edən İranın ən böyük müştərisi Çin İranın emal etdiyi neftin təxminən yüzdə 22-ini alır.
Çin rəhbərliyi İran nüvə böhranının dialoq və diplomatik müzakirələr yoluyla həll edilməsini istəyərkən, sanksiyalar və embarqonun həll yolu olmayacağını müdafiə edir.



ABŞ qoşunlarını Fars körfəzi ərazisində yerləşdirir

Güney Azərbaycan Xəbərləri




ABŞ və onun müttəfiqləri qoşunlarını Fars körfəzi ərazisində yerləşdirməyə başlayıblar.
Bu barədə məlumatı İsrail KİV-ləri hərbi mənbələrə əsasən yayıb.



Məlumatlara əsasən, qoşunlar artıq ABŞ-ın hərbi hava qüvvələri bazasının yerləşdiyi Hörmüz boğazının cənubuna - Omanın Masira adasına çatmaqdadır.

“Haffinqton Post” saytının yaydığı məlumata əsasən, Britaniyanın Hind okeanındakı Dieqo-Qarsia adasındakı Amerika bazasına yeraltı bunkerləri məhv etmək üçün nəzərdə tutulmuş yüzlərlə betondeşən bomba daşınıb. Səudiyyə Ərəbistanı isə öz quru qoşunlarının bir hissəsini əsasən ölkənin neft hasilatı rayonlarının yerləşdiyi şərq ərazilərində yerləşdirib.


Respublikaçılar və demokratlar Obamanı İrana hücum hazırlamağa çağırıblar

Güney Azərbaycan Xəbərləri




Amerikanın nüfuzlu “Bipartisan Policy Center” təşkilatı İran üzrə təkliflər paketi hazırlayıb.
Lenta.Ru-nun verdiyi xəbərə görə, həm Respublikaçılar, həm də Demokratlar partiyasının üzvləri, istefada olan generallar, kəşfiyyatçılar və siyasətçilərin daxil olduğu təşkilatın hazırladığı sənəd fevralın 1-də rəsmi təqdim ediləcək.

İsrailin “Qaarets” qəzetinin yazdığına görə, sənəddə Tehranın nüvə silahı və onun çatdırılması vasitələrinə malik olmasına yol verilməməsinin ABŞ xarici siyasətinin mühüm vəzifəsi deyilir.

Bu vəzifənin həyata keçirilməsi üçün “Bipartisan Policy Center” Barak Obama administrasiyasına bir sıra konkret addımlar atmağı təklif edib: İranla diskussiyalarda tonu qaldırmaq, ona qarşı daha sərt sanksiyalar tətbiq etmək və bu ölkənin nüvə sənayesinin məhvinə yönəlmiş hərbi əməliyyatın hazırlanması və planlaşdırılmasına başlamaq.

“Birləşmiş Ştatlar İranın qarşısında aydın alternativ qoymalıdırlar: ya o danışıqlar yolu ilə öz nüvə proqramını dayandırır, ya da hərbi vasitələrlə - Amerika və ya İsrailin hərbi vasitələri ilə məhv ediləcək” – deyə, “Bipartisan Policy Center”-in iştirakçıları aydınlaşdırıblar.
Bu xəbər oxucular tərəfindən 1714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed