Şrift:
Təbrizdə yoxa çıxan azərbaycanlı fəal ETTELAAT təcridxanasından ailəsinə zəng vurub
17.11.2015 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dörd gün əvvəl Təbrizdə yoxa çıxan tanınmış azərbaycanlı fəal Rəsul Rəzəvi ETTELAAT-ın Təbriz idarəsinin təcridxanasından ailəsinə zəng vurub.
Dinc fəal Rəsul Rəzəvi noyabrın 12-si axşam saatlarında müəmmalı şəkildə Təbrizdə yoxa çıxmışdı. Nigarançılıq içində olan fəalın ailəsi ondan soraq tutmaq üçün hara müraciət etsə də ondan hər hansı bir xəbər ala bilməmişdi. Noyabrın 14-də azərbaycanlı fəal evlərinə zəng vuraraq ETTELAAT-ın Təbrizdəki idarəsinin təcridxanasında saxlandığını bildirib. Fəala öz durumu barədə ailəsinə əlavə məlumat verməyə imkan verilməyib.

Fəalın həbsi son günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən də Təbrizdə fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlarla əlaqələndirildiyi təxmin edilir. Qeyd edək ki, Rəsul Rəzəvi Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed