Şrift:
İranlı deputat: Minlərlə azərbaycanlının İran-İraq müharibəsində şəhid olmasına təəssüf edirəm
19.11.2015 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin Urmiyadan seçilmiş deputatı, Nadir Qazipur jurnalistlərə açıqlamasında “Fitilə”çilərin növbəti dəfə dövlət televiziyasında azərbaycanlıları təhqir etməsinə və onlara böhtan atmasına kəskin etiraz bildirib.
Bayağı “Fitilə” verilişinin əməkdaşları bir neçə gün əvvəl dövlət televiziyasında qatıldıqları bir proqramda, Güney Azərbaycanın müxtəlif şəhərlərində küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz bildirən yüz minlərlə azərbaycanlı aksiyaçını “pantürkist” adlandırıblar. Bununla da onlar Azərbaycan türklərini yenidən təhqir ediblər.

Nadir Qazipur deyib ki, azərbaycanlıları təhqir edənlər, türklərin ölkənin müdafiəsi uğrunda İran-iraq müharibəsi cəbhələrində verdiyi şəhidlərdən xəcalət çəkməlidirlər: “Azərbaycanlı şəhidlərdən utanın və xəcalət çəkin. Onlara hörmət edin və bu qədər onlara hörmətsizlik etməyin. “Fitilə”çi təlxəklərin bu növbəti təhqiri ilə kimlərin “pan” olub-olmadığı, kimlərin bölgədə Qərb, Rusiya və yəhud amili olduğu artıq bir daha hamıya bəlli olub.

Bununla da artıq kimin panfars olub-olmaması da müəyyən edilib. Bütün bu hərəkətlər isə onu göstərir ki, son günlərdə Azərbaycan türklərinə qarşı edilən təhqirlər əvvəlcədən planlaşdırılıb. Necə olur ki, İran-İraq müharibəsində biz türklər səngərlərdə vuruşanda pantürkist sayılmırdıq. Bəli, o zaman bizlər sizə bacı-qardaş sayılırdıq. Lakin Azərbaycan türklərinə edilən təhqirə qarşı etiraza qalxan kimi və öz siyasi, iqtisadi və mədəni hüquqlarımızı istəyən kimi birdən-birə olduq pantürkist. Belə isə, mən minlərlə azərbaycanlı pantürkün cəbəhələrdə şəhid olmasına təəssüf edirəm”. Utanın xəcalət çəkin”.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed