Şrift:
Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının sayı 10 dəfə artıb
21.11.2015 [11:04] - Gündəm, Sağlıq
Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb.

Dövlət Statistika Komitəsi məlumat verir ki, 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə kəsiyi əməliyyatı aparılıb.

İllər üzrə artmağa doğru dəyişən qeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib.

2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 20,99 faizini təşkil edib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Ötən il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə olub.

Azərbaycan Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, qanunvericiliyə dəyişiklik edildikdən sonra dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır. Buna görə də dövlət tibb müəssisələrində əsaslı tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları çox azdır. Lakin özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir.

Qeyd edək ki, 2013-cü ildə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed